AZ

“Bir neçə il qızılın qiymətində müəyyən qədər stabillik müşahidə edilə bilər, qəfil artım da gözləniləndir”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qlobal iqtisadi dalğalanmaların və maliyyə qeyri-müəyyənliyinin artdığı bir dövrdə insanlar təkcə gəlir əldə etməyə deyil, həm də vəsaitlərini təhlükəsiz şəkildə qorumağa üstünlük verirlər. Belə şəraitdə ənənəvi investisiya alətləri - qızıl, daşınmaz əmlak və bank əmanətləri yenidən etibarlı seçim kimi ön plana çıxır.Maliyyə təhlükəsizliyini təmin etməyin yolları hansılardır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, investisiya qoyuluşu məsələsində vahid yanaşma mümkün deyil.

Eldəniz Əmirov

“Ümumiyyətlə qeyri-müəyyənlik ilində dünyada daha çox investisiya edilən alət məhz qızıl və gümüşdür. Fond birjalarında, ümumiyyətlə qlobal bazarlarda bu iki məhsul hər zaman ən etibarlı maliyyə aləti olmuşdur. Bu gün də, növbəti ildə də düşünürəm ki, yenə də qızıl öz statusunu qoruyub saxlayacaqdır. Ola bilər ki, bir neçə il qızılın qiymətində müəyyən qədər stabillik müşahidə edilsin. Amma qəfil yenidən qızılın sıçrayışlı qalxması mümkündür. Böyük ehtimal ki, 2028-ci ilə qədər bu baş verəcək. Hazırkı qlobal risklər qarşılığında ümumiyyətlə əlavə gəlirlər qazanmaqdan daha çox artıq bu gün əldə olunan vəsaitin qorunub saxlanmasıdır, yəni pul itkisinin olmamasıdır. Əgər pul öz dəyərini itirmədən qorunub saxlanılırsa, bu özü artıq müasir qlobal iqtisadi risklər qarşılığında bir uğurdur. Bu baxımdan pulun qorunub saxlanması və dəyərini itirməməsi üçün ən etibarlı istiqamətlərdən biri də təbii ki, daşınmaz əmlak bazarıdır.

Eyni zamanda bank depozitləri və əmanətlər də vəsaitin dəyərinin qorunması baxımından daha az riskli istiqamətlərdən sayılır. Lakin investisiya qoyuluşu məsələsində vahid yanaşma mümkün deyil. Hansı sahəyə pul yatırmaq bu ölkədən-ölkəyə, dövrdən-dövrə, hətta şəhərdən-şəhərə dəyişə bilər. Bunun üçün bazar araşdırılması aparılmalıdır-ticarətin hansı sektoruna qoyula bilər, təhsildə hara yatırıla bilər? Bununla bağlı araşdırma aparılaraq real bir fikir söyləmək olar. Belə hallarda risklərin düzgün qiymətləndirilməsi, biznes planın dəqiq hazırlanması və risklərin ən xırda detallarına qədər hesablanması vacibdir. Əks halda, uğursuzluq ehtimalı xeyli yüksək olur”-deyə qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
bizimyol.info

1Mənbələr