AZ

Merts: 2026-cı il Avropa üçün həlledici ola bilər

BAKI, 31 dekabr. TELEQRAF

Almaniya kansleri Fridrix Merts qarşıdan gələn 2026-cı ilin həm Almaniya, həm də bütövlükdə Avropa üçün həlledici ola biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə kanslerin hökumət başçısı kimi ilk Yeni il müraciətinin mətnində qeyd olunub. Sənəd Almaniya Federal Hökumətinin mətbuat xidməti tərəfindən yayılıb.

Mertsin sözlərinə görə, 2026-cı il Almaniya və Avropa üçün yeni mərhələnin başlanğıcı ola bilər: “Bu il Almaniya və Avropanın sülh, azadlıq və rifah onilliklərinə yeni güclə qədəm qoyduğu bir dövrə çevrilə bilər. 2026-cı il irəliləyiş anı ola bilər”.

Kansler vurğulayıb ki, dünya sürətlə dəyişir və bu dəyişikliklər hər bir insana təsir göstərir. O, Almaniyanın üzləşdiyi əsas çağırışlar sırasında Ukraynadakı münaqişəni xüsusi qeyd edib və bildirib ki, bu qarşıdurma Almaniyanın azadlığı və təhlükəsizliyi üçün birbaşa təhdid yaradır.

Merts eyni zamanda Almaniya iqtisadiyyatının ciddi təzyiq altında olduğunu etiraf edib: “İqtisadiyyatımız zəruri islahatlar, yüksək xərclər və beynəlxalq ticarət münaqişələri fonunda çətin dövr yaşayır. Qlobal iqtisadiyyatda proteksionizmə qayıdış müşahidə olunur. Xammaldan asılılığımız getdikcə siyasi təzyiq alətinə çevrilir”.

Onun sözlərinə görə, geopolitik dəyişikliklər Almaniyanın rifahına ciddi təsir göstərir və ixracyönümlü ölkə kimi Almaniya bunu xüsusilə kəskin hiss edir. Kansler əlavə edib ki, islahatların ləngiməsi alman şirkətlərinin potensialını məhdudlaşdırır və onların beynəlxalq rəqabətdə mövqeyini zəiflədir.

Merts ABŞ ilə münasibətlərin də dəyişdiyini vurğulayıb: “Uzun müddət Avropanın təhlükəsizliyinin etibarlı təminatçısı olmuş ABŞ ilə münasibətlərin xarakteri dəyişir. Bu isə avropalılar üçün öz maraqlarını daha çox öz gücləri hesabına qorumaq və müdafiə etmək zərurəti yaradır”.

Kansler qeyd edib ki, Almaniya tarixi dəyişikliklər dövründə yaşayır və cəmiyyət bu çağırışların öhdəsindən gələ bilər: “Bir çox vətəndaş qeyri-müəyyənlik fonunda sülhlə bağlı narahatlıq keçirir. Mən deyirəm: biz təhlükəsizliyimizi təmin edəcəyik. Almaniya təhlükəsiz ölkədir. Bunun belə qalması üçün çəkindirmə imkanlarımızı gücləndirməliyik. Biz özümüzü müdafiə edə biləcək vəziyyətdə olmalıyıq ki, müdafiəyə məcbur qalmayaq”.

Seçilən
102
7
teleqraf.com

8Mənbələr