Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Perunun Satipo və Nauta bələdiyyələrində sancmayan arılar dünyada ilk dəfə olaraq rəsmi şəkildə hüquq subyekti kimi tanınıb.
Bizimyol.info xəbər verir ki, qəbul edilən qərarlara əsasən, bu həşəratların qorunması və yaşayış mühitinin mühafizəsi yerli hakimiyyət orqanlarının öhdəliyinə verilib.
Qərarlar Peru Amazoniyası ərazisini əhatə edir və tozlandırıcı həşəratların ən qədim qruplarından sayılan sancmayan arılara şamil olunur. İynəsi olmayan bu arılar Kolumbdan əvvəlki dövrlərdən etibarən yerli xalqlar tərəfindən ənənəvi şəkildə yetişdirilir. Yeni hüquqi status onlara mövcudluq və inkişaf, çirklənmədən uzaq sağlam mühitdə yaşamaq, sabit iqlim şəraiti və təhlükə hallarında hüquqi təmsilçilik hüququ verir.
Ekoloji Hüquq Mərkəzinin Latın Amerikası üzrə direktoru Konstansa Prietonun sözlərinə görə, bu qərar təbiətlə münasibətlərdə yeni mərhələnin başlanğıcıdır: “Bu addım sancmayan arıların ekosistem üçün həyati əhəmiyyətini rəsmən tanıyır və onları hüquqlara malik subyekt kimi qəbul edir”, - deyə bildirib.
Təşəbbüs "Amazon Research Internacional" təşkilatının qurucusu, kimyaçı-bioloq Roza Vaskes Espinosanın rəhbərliyi ilə aparılan uzunmüddətli elmi və maarifləndirici fəaliyyətin nəticəsidir. O, 2020-ci ildən bəri yerli icmalarla birgə sancmayan arıların həyatını araşdırıb və onların balının xüsusiyyətlərini öyrənib.
Tədqiqatlar göstərir ki, bu arılar meşələrin qırılması, iqlim dəyişikliyi, pestisidlərin istifadəsi və afrikanlaşdırılmış bal arıları ilə rəqabət səbəbindən ciddi təhlükə altındadır. Hətta Amazoniyanın ucqar bölgələrində belə bal nümunələrində pestisid izləri aşkarlanıb.
Alimlərin hesablamalarına görə, dünyada məlum olan təxminən 500 sancmayan arı növünün yarısı Amazonda yaşayır. Bu arılar yerli floranın 80 faizdən çoxunun, o cümlədən kakao, qəhvə və avokadonun tozlanmasında mühüm rol oynayır və biomüxtəlifliyin qorunmasına ciddi töhfə verir.
Qəbul edilən qərarlar dünya təcrübəsində presedentsiz hesab olunur. Sənədlərdə meşələrin bərpası, pestisidlərin istifadəsinə sərt nəzarət, elmi araşdırmaların təşviqi və arıların yaşayış mühitinə təsir edən bütün qərarlarda ehtiyatlılıq prinsipinin tətbiqi nəzərdə tutulur.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.