AZ

Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edirlər

Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli birliyinin rəmzidir. Bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid məqsəd – milli kimliyimizin, dilimizin, mədəniyyətimizin və dövlətçilik dəyərlərimizin qorunması və yaşadılması ətrafında birləşdirir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın tarixi yaddaşına, müstəqillik ruhuna və Vətənə bağlılığına əsaslanan ümummilli ideyanın təntənəsidir. Bu gün Azərbaycan diasporunun gücünü, birliyini və qlobal miqyasda söz demək bacarığını nümayiş etdirir. Yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlının qəlbindəki Vətən sevgisini, milli qüruru və ortaq məsuliyyət hissini möhkəmləndirir. Dekabrın 31-i keçmişimizə hörmətin, bu günümüzün dəyərləndirilməsinin və gələcəyə inamla baxmağın ifadəsidir. Bu gün bizi bir millət, bir xalq kimi daha da yaxınlaşdırır və həmrəyliyimizin əbədi olduğunu bir daha təsdiqləyir.

Xezerxeber.az Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixinə qısa nəzər salıb.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən tarixi iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə mühüm qərar qəbul edilib. Bu qərarla bağlı qanunvericilik aktının təsdiqlənməsi üçün Ali Məclis ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Bununla da dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Bu əlamətdar prosesin məntiqi davamı olaraq, 2001-ci il noyabrın 9–10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli özünüdərk hissinin güclənməsində, diaspor təşkilatlarının formalaşmasında və onların fəaliyyətinin daha mütəşəkkil xarakter almasında mühüm rol oynayıb. Bu tədbir Azərbaycanın ictimai-siyasi həyatında yeni bir mərhələnin, diaspor siyasətində isə strateji bir istiqamətin başlanğıcı olub. Həmin qurultayda Ümummilli Lider Heydər Əliyevin böyük qürur hissi ilə səsləndirdiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri dünya azərbaycanlılarının mənəvi şüarına çevrilib.

Qurultaydan sonra diaspor siyasətinin institusional əsasları daha da möhkəmləndirilib. Ulu Öndər Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdə yaşayan soydaşlarımızla əlaqələrin sistemli şəkildə genişləndirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılıb. Elə həmin ilin dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasətini müəyyən edən müvafiq Qanunun qəbul edilməsi də dünya azərbaycanlılarının milli birliyi, həmrəyliyi və təşkilatlanması prosesinə güclü təkan verib.

Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində formalaşan siyasi fəlsəfə və liderlik məktəbi bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Dövlətimizin başçısı Ulu Öndərin dünya azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində müəyyən etdiyi strateji xətti yeni dövrün tələblərinə uyğun şəkildə daha da zənginləşdirir. Prezident İlham Əliyevin 2006-cı il 8 fevral tarixli “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” Sərəncamına əsasən, həmin ilin martın 16-da Bakıda təşkil olunan mötəbər toplantı xaricdə yaşayan soydaşlarımızın diaspor hərəkatından güclü lobbiçilik fəaliyyətinə keçidi baxımından mühüm mərhələ olub. Qurultay Azərbaycanın haqq səsinin və reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayıb.

Bu gün diasporun təşkilatlanması prosesi daha sürətli və məqsədyönlü şəkildə davam edir. Dünya Azərbaycanlılarının I Qurultayında təsis edilən Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilən iclasında “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbul edilməsi dünya azərbaycanlılarının birliyinin və mütəşəkkilliyinin yeni mərhələyə yüksəldiyini nümayiş etdirib. Bu sənəd tarixi Vətənlə əlaqələrin daha da möhkəmləndiyini, diaspor potensialının güclü və təsirli amilə çevrildiyini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün əsl cazibə mərkəzi olduğunu bir daha təsdiqləyib.

Həmrəylik Günü milli birliyin, Azərbaycana sonsuz məhəbbətin, milli-mənəvi dəyərlərimizə hörmətin və Vətənə sədaqətin təcəssümüdür. Bu birlik və bütövlük xüsusilə Vətən müharibəsi dövründə özünü bütün aydınlığı ilə göstərib. 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin ardıcıl hərbi təxribatlarına Azərbaycan Ordusu hər dəfə qətiyyətlə cavab verib. Nəhayət, 2020-ci il sentyabrın 27-də düşmənin Azərbaycan ərazilərini raket atəşinə tutması 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb olub. Müharibənin ilk günlərindən xalqımız dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində torpaqlarımızın işğaldan azad olunacağına tam əmin idi. İkinci Qarabağ müharibəsi bu inamı tarixi Zəfərlə təsdiqləyib. Öz Liderinin ətrafında “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı Ordumuza güclü mənəvi dayaq olub. Məhz bu birlik qarşısında düşmən cəmi 44 gün tab gətirə bilib. Otuz il işğal altında qalan torpaqlarımız azad edilib, milli qürurumuz bərpa olunub. Noyabrın 8-də sıldırım qayalarla əhatələnən qədim yurd yerimiz Şuşanın azad edilməsi isə bu qəhrəmanlığın və Zəfərin ən uca zirvəsidir. Azərbaycan əsgərinin peşəkarlığı və şücaəti dünyanın aparıcı hərbi mütəxəssisləri tərəfindən də yüksək qiymətləndirilib. Bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır, həyat yenidən doğma yurdlarımıza qayıdır.

2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatı isə Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bir daha nümayiş etdirib. Cəmi bir gün, hətta ondan da az davam edən əməliyyat zamanı Ordumuz bütün strateji mövqeləri nəzarətə götürərək düşməni təslim olmağa məcbur edib. Bu tarixi hadisənin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Vətən müharibəsi dövründə olduğu kimi, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı da dünya azərbaycanlılarının nümayiş etdirdiyi həmrəylik, Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi xalqımızın və millətimizin sarsılmaz birliyinin bariz ifadəsidir. Məhz bu qırılmaz bağlar bütün dünyaya azərbaycanlıların necə böyük gücə sahib olduğunu göstərib. Bu birlik və birlikdən doğan qüdrət sayəsində bu gün azərbaycanlılar dünyanın hər yerində qürurla, başıuca yaşayırlar.

Artıq ənənə halını almış Bakıda keçirilən dünya azərbaycanlılarının qurultayları 2022-ci ildə tarixi bir məkanla – azad Şuşa ilə yeni məna qazanıb. Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı məhz Qarabağın tacı, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşada keçirilib. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi bu möhtəşəm toplantı milli birliyimizin, tarixi ədalətin və qazanılmış Zəfərin rəmzinə çevrilib. Qurultayda çıxış edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.

Bu gün Azərbaycan dövlətinin ardıcıl və məqsədyönlü diaspor siyasəti dünya azərbaycanlılarının birliyini yeni mərhələyə yüksəldib. Xaricdə yaşayan həmvətənlərimiz artıq yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal iştirak edir, Azərbaycanla əlaqələrin genişlənməsinə mühüm töhfələr verirlər. Onlar ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, eləcə də erməni ideoloji təxribatlarına qarşı mübarizədə qətiyyət və prinsipiallıq nümayiş etdirirlər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu birliyin, bu gücün və bu qürurun təntənəsidir.

Seçilən
1
4
xezerxeber.az

5Mənbələr