AZ

Yazdılar ki, mesaja bax

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanlı gənclərin beynəlxalq arenada uğur hekayələri artdıqca, bu fakt təkcə fərdi nailiyyət deyil, eyni zamanda ölkənin yaradıcı potensialının göstəricisi kimi diqqət çəkir. Almaniyanın dünyaca məşhur avtomobil və motosiklet istehsalçısı BMW (BMV) şirkətinin azərbaycanlı 3D dizayner Ayxan Azada iş təklifi etməsi də məhz bu qəbildən olan hadisələrdəndir.

BMW şirkəti Ayxan Azadın hazırladığı 3D animasiya videolarını yüksək qiymətləndirərək onunla əməkdaşlıq qurub və reklam xarakterli videoçarx hazırlanmasını təklif edib.

Bu əməkdaşlıq nəticəsində azərbaycanlı dizayner ilk dəfə olaraq qlobal avtomobil nəhəngi üçün rəsmi video hazırlayıb.

Ayxan Azadın hekayəsi təsadüfi uğur deyil, illərlə davam edən zəhmətin və peşəkar inkişafın nəticəsidir.

29 yaşlı dizayner Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur. 10 ildən artıqdır ki, 3D dizayn sahəsində fəaliyyət göstərən Ayxan hazırda İctimai Televiziyada çalışır. Onun sözlərinə görə, avtomobillərə marağı uşaqlıqdan formalaşıb və bu maraq zamanla peşəkar yaradıcılığa çevrilib.

“Uşaqlıqdan avtomobillərə böyük həvəsim olub. Bu maraq əsasında hazırladığım animasiyaları sosial şəbəkələrdə paylaşırdım. Zamanla bu videolar geniş yayılmağa başladı və çox bəyənildi. Xüsusilə fevral ayında paylaşdığım animasiyalardan biri xarici “kəşfet”ə düşdü, beynəlxalq auditoriya tərəfindən izlənildi və müsbət rəylər aldı”, – deyə Ayxan Azad bildirib.

Məhz bu mərhələdən sonra hadisələr sürətlə inkişaf edib. Xarici istifadəçilər videolara BMW şirkətinin rəsmi səhifəsini tag etməyə başlayıb. Ardınca isə şirkətin özü Ayxan Azadın paylaşımına rəy yazaraq, mesaj qutusuna baxmasını xahiş edib. Bununla da azərbaycanlı dizaynerlə BMW arasında birbaşa ünsiyyət qurulub.

“İlk dəfə mənə birbaşa instaqram üzərindən yazdılar. Sonra əməkdaşlıqla bağlı təklif etdilər. Mənim üçün bu, böyük motivasiya idi. Razılaşdıq və işə başladıq. Video üzərində təxminən üç ay işlədim”, – deyə o qeyd edib.

Hazırlanan video BMW-nin 5-ci seriyasına aid olan M5 modelinə həsr olunub. Xüsusilə bu avtomobilin müxtəlif illərdə istehsal olunmuş versiyalarının eyni kadrda, dinamik və vizual baxımdan cəlbedici formada təqdim edilməsi layihənin əsas ideyalarından biri olub. Video reklam xarakteri daşısa da, texniki detallara və estetik görüntüyə xüsusi diqqət yetirilib.

Ayxan Azad bildirib ki, proses ərzində BMW tərəfindən müəyyən texniki və vizual düzəlişlər istənilib, lakin bu dəyişikliklər işin keyfiyyətini daha da artırıb. Nəticədə ortaya şirkətin brend ruhuna uyğun, peşəkar bir animasiya məhsulu çıxıb.

Dizayner qonorar məsələsinə də toxunaraq deyib ki, aldığı məbləğ onu qane edib:

“Qonorar normal idi. Məbləği açıqlamaq istəmirəm. Əsas məsələ mənim üçün bu əməkdaşlığın açdığı imkanlardır. Gələcəkdə BMW ilə yenidən işləmək ehtimalı var” (Musavat.com).

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
azpost.info

2Mənbələr