"Rusiyada İslam bankı yaradıla bilər”.
Bunu Kazanda AAOİFI İslam Maliyyə Təşkilatları üçün Mühasibat və Audit Təşkilatının İslam maliyyəsinin inkişafı üzrə nümayəndəlik mərkəzinin açılışına həsr olunmuş dəyirmi masada Dövlət Dumasının maliyyə bazarı üzrə komitəsinin sədri Anatoli Aksakov deyib. Onun sözlərinə görə, bu məsələ müzakirə olunur.
Qeyd edək ki, uzun illərdir ölkəmizdə də İslam Bankının açılması ilə bağlı təkliflər irəli sürülməsinə baxmayaraq, hələ də bu layihə reallaşmayıb. Bəs 2026-cı ildə Azərbaycanda bu layihə reallaşa bilərmi və yeni bankın fəaliyyətə başlaması mövcud bank faizlərinə təsir edəcəkmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, Rusiyada əvvəllər də İslam Bankı olub:

"Ola bilsin ki, yenə yaranacaq. Yəqin ki, ərəb ölkələri maliyyələşdirəcək. Bizdə də xeyli müddətdir ki, bu barədə müzakirələr aparılır. Son vaxtlar intensiv olaraq bildirirlər ki, bu barədə qanunvericilik bazası olacaq”.
Faizlərə təsirinə gəldikdə, ekspert deyib ki, İslam Bankı faizlə işləmir:
“Sadəcə verdiyi kreditə şərikdir. Ənənəvi bank sahibkara bildirir ki, məsələn, sənə illik 20 faizlə kredit verirəm. Mən sənə 1 milyon manat kredit vermişəmsə, illik nəticə olaraq 200 min faiz verəcəksən, sənin işinin uğurlu olub-olmamasının fərqi yoxdur. Əmlakını da girov qoymusan. Kreditini qaytarmasan, bank girovu hərraca çıxartdıracaq, məhkəmə yolu ilə satdıracaq.
İslam Bankında isə prinsip başqadır. Onlar bildirir ki, mən sənə 1 milyon manat verirəm. Sənin biznesinə şərikəm, uğurlu olacaqsa, mən ordan gəlir götürəcəyəm. Uğursuz olacaqsa, səndən heç bir gəlir götürməyəcəm. Burada bank daha çox da, daha az götürə bilər.
Ancaq sahibkar da əminlilklə işləyir ki, birdən işi alınmasa, bank onu çətin vəziyyətə salmayacaq. Əgər Azərbaycanda İslam Bankı populyarlaşsa, genişlənsə, ənənəvi bankların faizlərinin enməsinə təsir edəcək. Ancaq bizdə hələ ki, İslam Bankı yoxdur. Gərək yaransız, 10 il fəaliyyət göstərsin ki, faizlərə təsirini deyə bilək. İndi isə belə bir perspektiv yoxdur".