Bakı, 31 dekabr, AZƏRTAC
"Borçalı" İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda Atatürk Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü çərçivəsində "Vətən birdi" adlı tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni və Borçalı marşı səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İctimai birliyin sədri, şair-publisist Dəyanət Osmanlı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dünya azərbaycanlılarının həmrəyliyi ideyası müstəqil dövlətçiliyimizdə əsl birləşdiriliçilik, vətənə bağlılıq, milli-mənəvi dəyərlərimizə sədaqət, anlayış və inkişaf platforması kimi böyük tarixi yer tutur. Naxçıvanda Ulu Öndər tərəfindən 1991-ci ildə həmrəylik günü olaraq qəbul edilən 31 dekabr bütün dünya azərbaycanlılarının həyatında milli bayram kimi mühüm yer tutur. Məhz bu ideya sayəsində müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda tarixi yurd yerlərində yaşayıb fəaliyyət göstərən soydaşlarımızla qırılmaz bağlar yaranmış, onların yaşamı və fəaliyyəti Vətənə güvənli hal almışdır. Artıq dövlət ideologiyasına çevrilən həmrəylik ideyası hüquqi, dünyəvi dövlətimizin təbliğində, inkişafında və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında hər bir vətənsevər azərbaycanlının iştirakına imkanlar açmışdır.
Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar Birliyinin (ayb) üzvü Knyaz Aslan, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, AYB-nin üzvü Güləmayıl Murad və başqaları Gürcüstanda yaşayan soydaşlarımızın vətənpərvərliyinin, milli duyğularının artmasında, dil, təhsil hüquqlarının qorunmasında azərbaycançılıq ideyasının rolundan danışıb, onların Vətən müharibəsində fəal iştirakından bəhs ediblər.
Sonda aşıqlar Ataxan Qasımlı və Fikrət Cəfəroğlu tərəfindən bayram, dostluq, birlik əhval-ruhiyyəli saz havaları ifa olunub.