AZ

Həmrəylik və Zəfər



Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Hər il dekabrın 31-i gələndə, təkcə bir ilin sonu deyil, bir xalqın taleyi, bir millətin birliyi dilə gəlir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü sadəcə bir bayram deyil, hər bir azərbaycanlının qəlbində Vətənə, milli kimliyə, əbədi dövlətçilik ideyasına köklənən möhkəm bir inamın təcəssümüdür.

Qarşılaşdığımız bütün tarixi sınaqlara, parçalanmalara və ayrılıqlara baxmayaraq, bizi bir araya gətirən qüvvə, Arazın o tayında və bu tayında yaranan "bir millət" hissi idi. Sovet imperiyası süqut edərkən Araz sahillərində sərhəd dirəklərini yıxan o qətiyyətli yürüş Cənubla Şimalın qovuşma arzusu, millətin bütövləşmək istəyinin ən müqəddəs simvolu oldu. Həmrəylik Günü bu birləşmək şüarının – xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən müqəddəs mübarizəyə səfərbər edən bir inam və ümid anıdır.

Bu tarixi zərurəti dövlət siyasətinə çevirən, xalqın milli-mənəvi birliyini ideoloji dayağa bağlayan şəxs isə Ümummilli Lider Heydər Əliyev oldu. Məhz onun uzaqgörənliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 31 dekabrın Həmrəylik Günü elan edilməsi barədə qərar qəbul edildi. Bu qərar – sadəcə bir bayram təsis etmək yox, dünyanın 70-dən çox ölkəsində yaşayan 60 milyon soydaşımızın milli kimliyinin pasportu oldu. Ulu Öndərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı, hətta Vətəndən uzaqda olan hər kəs üçün milli qürur rəmzinə, toxunulmaz bir qalaya çevrildi. Heydər Əliyev 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə diaspor hərəkatını sistemli bir siyasətə çevirdi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə bu siyasi irsi institusional əsaslarla möhkəmləndirdi. O, bilirdi ki, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var – müstəqil, suveren Azərbaycan Respublikası.

Bu siyasi irsin layiqli davamçısı, Prezident İlham Əliyev Həmrəylik ideyasını tamamilə yeni, Qalib Dövlət müstəvisinə yüksəltdi. O, xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Prezidentin siyasi iradəsi və davamlı səfərləri zamanı diaspor nümayəndələri ilə görüşləri, onlara dəyərli tövsiyələr verməsi soydaşlarımızda milli ruhu yüksəldir, onların vahid ideologiya ətrafında daha sıx səfərbər olmasına böyük töhfə verir. Onun rəhbərliyi altında Azərbaycan diasporu "diaspor"dan daha uğurlu lobbi fəaliyyətinə keçid etmiş, həmçinin 2007-ci ildə keçirilən forumla "Bir millət, iki dövlət" prinsipi Azərbaycan və Türk diasporlarının fəaliyyətinin əsasına çevrilmişdir. Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması isə bu işə dövlət dəstəyinin ünvanlılığını təmin etmişdir.
Ən böyük Həmrəylik sınağı isə Vətən müharibəsi zamanı yaşandı. O günlər hər kəs – siyasi əqidəsindən, statusundan asılı olmayaraq – Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Dünyanın hər yerindəki azərbaycanlılar anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı "Dəmir Yumruq" kimi ayağa qalxdılar. Onlar yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdılar, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirdilər və Qələbəmizə öz fədakar töhfələrini verdilər.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tamamilə fərqli, Zəfər ovqatı ilə qeyd edilir. Prezident İlham Əliyev 2023-cü ilin aprelində ərazi bütövlüyümüzün tam bərpa edilməsini, sentyabrda isə antiterror əməliyyatı ilə separatçı rejimin çökməsini vurğulayaraq, bütün dünya azərbaycanlılarının bu Qələbə ilə haqlı olaraq qürur hissi keçirdiyini bəyan etmişdir.

Bu Qələbənin təntənəsi olan 2022-ci il aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı – Həmrəylik ideyasının zirvəsi oldu. Prezident İlham Əliyevin Ulu Öndərin vəsiyyətini gerçəyə çevirərək, bu qurultayı məhz Şuşada keçirmək təşəbbüsü, Azərbaycanın müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacağının simvolu oldu. Bu, artıq dünya azərbaycanlılarının başını dik tutub, alnıaçıq, üzüağ yaşamaq haqqıdır.
Həmrəylik Günü milli-mənəvi dəyərlərimizə hörməti, Vətənə bağlılığı təcəssüm etdirir. Dünya azərbaycanlıları bu birliyi qoruyaraq Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Azərbaycan dövləti – bütün dünya azərbaycanlıları üçün yeganə istinadgah, cazibə mərkəzidir. İndi biz Heydər Əliyev irsi və İlham Əliyevin siyasi iradəsi ilə yazılan Zəfər salnaməsi ilə yaşayırıq.




Seçilən
24
1
aia.az

10Mənbələr