Bu gündən “Xüsusi icra məmurları haqqında” qanun qüvvəyə minir.
"Unikal" xəbər verir ki, sənəd 6 fəsil, 38 maddədən ibarətdir.
Qanun xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyir.
Xüsusi icra məmuru məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi almış fiziki şəxs olacaq. Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malik olacaq, fəaliyyətini peşəkar əsaslarla həyata keçirəcək. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir. Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.
Xüsusi icra məmurunun icra icraatı çərçivəsində qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabərdir. İcra sənədlərinin icrası ilə əlaqədar xüsusi icra məmurunun qanuni tələbləri Azərbaycanda bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Xüsusi icra məmuruna icra sənədlərinin icrası ilə əlaqədar tələb olunan məlumatlar, sənədlər və onların surətləri dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər tərəfindən tam və vaxtında verilməlidir.
Xüsusi icra sistemi Azərbaycanın inzibati ərazi vahidləri üzrə müəyyən edilmiş mərhələlərdə tətbiq olunacaq.