Səfa Hüseynov: Ağlıma gəlməzdi ki, övladım ölkənin ilk körpəsi olar
Şamaxı, 1 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC
Ölkəmizdə 2026-cı ilin ilk körpəsi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyaya gəlib. Cinsi qız olan körpənin çəkisi 3 kq 200 qram, boyu 51 santimetrdir. Ailənin üçüncü övladı olan körpəyə Ayla adı verilib.
AZƏRTAC-ın bölgə müxbiri Şamaxıda Yeni ilin ilk körpəsinin dünyaya gəlişi ilə bağlı Hüseynovlar ailəsi ilə görüşərək onların sevincini və təəssüratlarını öyrənib.
Şamaxının İkinci Çaylı kəndində yaşayan Səfa Hüseynovun ailəsi Yeni ili ikiqat sevinc hissi ilə qarşılayıb. S.Hüseynov bildirib ki, Yeni ilə sayılı saatlar qalmış yoldaşında doğuş sancıları başlayıb və onu təcili xəstəxanaya çatdırıblar. Lakin ailəni ən çox sevindirən məqam körpənin məhz 2026-cı ildə ölkəmizdə dünyaya gələn ilk uşaq olması xəbəri olub. Bu gözlənilməz hadisə Yeni il gecəsini Hüseynovlar ailəsi üçün əsl bayram sürprizinə çevirib.“2018-ci ildə ailə qurmuşuq. Bir oğlum, bir qızım var idi. Allah Yeni il gecəsi üçüncünü də nəsib elədi. Bayram - bayrama qarışdı. Bu, bizim üçün qürur və sevinclə dolu an oldu. Allah hər kəsin balasını xoşbəxt eləsin, bütün balaları qorusun”.
Ata ilə qısa söhbətdən sonra doğum şöbəsinə keçirik. Burada TƏBİB-in nəzdində fəaliyyət göstərən tibb müəssisəsində 2026-cı ildə dünyaya gələn ilk körpə, balaca Ayla həkim nəzarəti altında mışıl-mışıl yatır. Yeni ilin ilk sevinci kimi tarixə düşən süjetimizin qəhrəmanı sakitliyi və rahatlığı ilə diqqət çəkir. Körpəni narahat etməmək üçün otağı səssizcə tərk edib, onun səhhəti və ümumi vəziyyəti barədə həkimdən məlumat alırıq.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində çalışan həkim Bikəxanım Ələkbərovanın sözlərinə görə, ana və körpəsinin səhhəti normaldır. Yaxın günlərdə onlar evə buraxılacaq. “2026-cı il yanvarın 1-də saat, 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində dünyaya gələn körpənin cinsi qız, çəkisi 3 kq 200, boyu 51 santimetrdir. Doğuş təbii yolla baş tutdu. Hazırda ananın və körpənin vəziyyəti stabildir”.
Qeyd edək ki, körpə 2001-ci il təvəllüdlü ananın üçüncü övladıdır. Yeni ilin ilk dəqiqələrində dünyaya gələn balaca Ayla yalnız Hüseynovlar ailəsi üçün deyil, eyni zamanda Şamaxı rayonunda və ölkəmizdə Yeni ilin ilk sevinc simvolu kimi tarixə düşüb. Onun doğumu həm valideynlər üçün, həm də tibb işçiləri üçün unudulmaz an olub.