AZ

“Efes” yenə uduzdu, iki komanda çalışdırıcısını dəyişdi

Həftəiçi Avroliqada 18-ci turun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, “Fənərbaxça” inanılmaz gərgin mübarizə şəraitində keçən oyunda “Barselona”nı məğlub etməklə liderlər qrupundakı yerini qorudu.

“Efes”in oyunu da eyni xarakterdə keçdi. “Pivəçilər”in ASVEL-lə səfər oyununun əsas vaxtı 80:80 hesabıyla bitdi. İlk overtaymda da heç-heçə (12:12) qeydə alındığından, komandalar 2-ci overtayma ehtiyac duydu. Bu dəfə 4 xal fərqi yaradan Fransa klubu parket üzərindən qələbə ilə ayrıldı.

Bu arada Avroliqada mübarizə aparanlardan ikisi baş məşqçisini dəyişib. Joan Penyarroyya “Partizan”ın “sükanı arxasına” keçib. O, bir müddət əvvəl istefa verən Jelko Obradoviçin yerini tutub. 56 yaşlı Penyarroyya əvvəllər “Barselona”, “Baskoniya”, “Valensiya”, “San-Pablo Burqos” kimi komandaları çalışdırıb. Hesabında 6 qələbə və 11 məğlubiyyət olan Belqrad klubu Avroliqanın autsayderlərindəndi.

“Bavariya” isə baş məşqçi postuna Svetislav Peşiçi gətirib. Onun klubla müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. 76 yaşlı Peşiç qarşılıqlı razılıq əsasında istefaya göndərilən Qordon Herberti əvəz edib. Münhen klubunun idman direktoru Draqan Tarlatsın bununla bağlı dedikləri:
“Svetislav Münheni də, “Bavariya”nı da yaxşı tanıyır. Bəzilərimiz də onu yaxşı tanıyırıq, bu üzdən kluba uyğunlaşma dövrü qısa sürməlidi. Bu məqamla yanaşı, onun zəngin təcrübəsi də doğru qərar verməyimizlə bağlı inamı artırır”.
Peşiç artıq 2012-16 aralığında “Bavariya”nı çalışdırıb, münhenliləri 2014-də tarixində ilk dəfə bundesliqada çempionluğa daşıyıb. Mütəxəssis son bir neçə ildə Serbiya yığmasına rəhbərlik edib. Klub səviyyəsində isə “Alba”, “Jirona” və “Barselona”dakı işinə görə tanınır.

Dubay (BƏƏ) – Milan (İtaliya) 99:92 (31:20, 25:29, 16:22, 27:21)
Fənərbaxça (Türkiyə) – Barselona (İspaniya) 72:71 (17:13, 18:20, 18:19, 19:19)
Jalgiris (Litva) – Panatinaikos (Yunanıstan) 85:92 (28:19, 22:21, 14:23, 21:29)
Bavariya (Almaniya) – Hapoel T-Ə (İsrail) 72:84 (14:21, 18:23, 14:20, 26:20)
Valensiya (İspaniya) – Baskoniya (İspaniya) 91:81 (27:19, 31:28, 18:18, 15:16)
ASVEL (Fransa) – Efes (Türkiyə) 103:99 2ОТ (24:23, 17:18, 17:21, 22:18, 12:12, 11:7)
Paris (Fransa) – Srvena Zvezda (Serbiya) 102:92 (28:18, 23:28, 28:12, 23:34)
Monako (Fransa) – Real (İspaniya) 100:95 (21:20, 26:23, 23:27, 30:25)
Virtus B (İtaliya) – Olimpiakos (Yunanıstan) 94:97 (25:23, 16:27, 19:27, 34:20)
Partizan (Serbiya) – Makkabi (T-Ə, İsrail) 87:112 (31:30, 12:28, 16:34, 28:20)

Xal durumu: Hapoel T-Ə - 31, Valensiya, Barselona,Panatinaikos – 30, Monako – 29, Fənərbaxça, Jalgiris, Srvena Zvezda, Real - 28, Olimpiakos, Milan, Dubay – 27, Virtus B, Makkabi T-Ə - 26, Paris, Baskoniya, Efes, Partizan - 24, Bavariya, ASVEL – 23.
Seçilən
92
football-plus.az

1Mənbələr