Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, İranda baş verənləri şərh etməyinizi xahiş edərdik...
- Pezeşkian prezident seçiləndə mətbuata verdiyim müsahibələrdə həmişə vurğulayırdım ki, bu bəlkə də İranın dinc yolla inkişafı üçün son şansdır. İranın dini lideri Pezeşkianı müdafiə etməli, ona ciddi islahatlar həyata keçirmək imkanı yaratmaladır. Biz qonşu İranın dinc, təkamül yolu ilə inkişafını istəyirik.
Baş verənlərdən çox təəssüf hissi keçirirəm. Söyləmişdim ki, İranda prezidentin səlahiyyəti bizdə Baş nazirin səlahiyyəti qədərdir. Çoxları tərəfindən sinik bir filosof, nəzəriyyəçi kimi tanınan, insan təbiətinin və dövlətin idarəolunma nəzəriyyəsinin böyük bilicisi Makiavelli yazırdı ki, dövlət başçısı yalnız güclü şəxslərlə uğurlar qazana bilər, dövlət başçısından qorxu insanları xəyanətdən çəkindirir, amma qorxu nifrətə çevriləndə insanlarda qisas hissi baş qaldırır və o zaman hakimiyyət çökür. Onun dedikləri bu gün İranda baş verir.
İnhisarçılıq, korrupsiya, hüquqsuzluq, vəzifələrə təşəbbüskar, strateji düşünmə qabiliyyəti olmayan, bacarıqsız insanların şəxsi sədaqət prinsipi ilə irəli çəkilməsi cəmiyyətdə böyük sosial ədalətsizlik yaradıb. Vaxtında tədbirlər görülməməsi səbəbindən insanlar su və ərzaq problemi ilə üzləşib. İqtisadi və hərbi gücə əsaslanmayan təkəbbürlü xarici siyasət, xaricdə böyük maliyyə vəsaiti tələb edən proksi qüvvələrin saxlanılması ölkəyə sanksiyalar tətbiqinə səbəb olub, iqtisadiyyata xarici investisiya cəlbinin qarşısını alıb.
Vəziyyətdən çıxmaq üçün dini lider dərhal islahatlara başlanılması barədə göstəriş verməli, dövlət idarəetməsini qanuni yolla xalq tərəfindən seçilmiş prezidentə verməlidir.
- Tramp bəyan edib ki, İranda xalqa divan tutulsa ABŞ dinc etirazçıları müdafiə edəcək. Bu hansı formada ola bilər?