“Artıq iki gündür ki, “Azəriqaz”ın smart kart tipli qaz sayğaclarının ödəniş sistemi faktiki olaraq çöküb. Vətəndaşlar terminallar və onlayn platformalar vasitəsilə kartlara vəsaiti yükləməkdə problemlərlə üzləşiblər, kartlardakı balansı sayğaclara yükləmək istədikdə “kart boşdur” mesajı ilə qarşılaşıblar”.
Musavat.com xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, problem kartdan sayğaca ötürülmədə deyil, “Azəriqaz”ın mərkəzi sistemində olub:
“Yəni “Azəriqaz”ın “backend” sistemi ödənilmiş vəsaiti smart karta yaza bilməyib. Ödəniş sistemlərinin sahibləri və terminallar da problemin “Azəriqaz”dan qaynaqlandığını bildiriblər.
“Azəriqaz” açıqlama verib və faktiki olaraq sistemin özlərində çökdüyünü etiraf edib. Məlum olub ki, smart kart tipli qaz sayğaclarında 31 dekabrda yaranan texniki nasazlıq 1 yanvarda aradan qaldırılsa da, kütləvi müraciətlər zamanı sistem yenidən çöküb.
Qış olduğu, ilin sonu olduğu, limitlərin sıfırlanacağı və müraciətlərin artacağı əvvəlcədən məlum idi. Buna baxmayaraq, “Azəriqaz”ın sistemi real yüklə test edilməyib və nəticədə minlərlə insan bayram günü qazsız qalıb. Pul ödənilib, amma balans karta yüklənməyib”.
Osman Gündüz qeyd edib ki, illər əvvəl kommunal xidmətlər üzrə vahid informasiya sisteminin yaradılması ilə bağlı fərman imzalansa da, bu illər ərzində heç nə dəyişməyib:
“Təxminən 5 ilə yaxındır bu sistem real olaraq ortada yoxdur. Əgər belə bir sistem mövcud olsaydı, nə bu xaos yaranardı, nə də vətəndaşların ödədiyi vəsaitlər havada qalardı”.
Ekspertin sözlərinə görə, hər il bu qurumda eyni mahiyyətli problemlər müxtəlif formalarda təkrarlanır:
““Azəriqaz” gah uzun müddət evdən çıxanda xəbər etməyi tələb edir, gah da sayğac göstəricilərinin vatsapla göndərilməsini istəyir, bu dəfə də mexaniki sayğacların smart sayğaclardan “daha ağıllı” olduğu iddia edilir və s.
Ümumilikdə isə görünən odur ki, problem təkcə texniki nasazlıqda deyil. Problem bütün xidmət zəncirinin – xidmətin təqdim edilməsinin, “billing” sisteminin qurulmasının, məlumatların idarə olunmasının, sayğacların proqram təminatına müdaxilənin və sayğacların tədarükünün – təbii inhisarçının əlində cəmləşməsindədir.
2024-cü ilin sonunda SOCAR ilə BƏƏ arasında Azərbaycanda “ağıllı” qaz şəbəkəsinin idarəetmə sisteminin süni intellekt əsasında tətbiqini nəzərdə tutan 480 milyon dollar məbləğində müqavilə imzalanmışdı. Bütün bunlara baxmayaraq, “Azəriqaz”da bu tip problemlərin davam etməsi ciddi təəssüf doğurur.
Artıq üçüncü gündür davam edən bu problem bir daha göstərdi ki, ictimai əhəmiyyət daşıyan kommunal sahədə idarəetmə və rəqəmsal transformasiya ilə bağlı hələ də çox ciddi boşluqlar qalmaqdadır”.