ABŞ Prezdenti Donald Tramp son çıxışında Venesueladan sonra növbənin Kuba, Meksika və Kolumbiyaya çatacağına işarə edib. Bu dövlətlər narahat olmalıdırlar. Dövlət katibi Marko Rubio Trampın özündən əvvəlki Prezidentlərdən fərqini belə qiymətləndirib: “Tramp nə deyirsə, onu da edir”.
Publika.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq xatırladıb ki, ABŞ Kubada 1959-cu il inqilabından sonra Kastro rejimini devirmək üçün müxtəlif üsullara əl atdı, heç biri işə yaramadı, sonra SSRİ-nin “azadlıq adasından” nüvə başlıqlı raketlərini çıxarması qarşılığında Vaşinqton Kuba rejimini devirməyəcəyi vədini verdi: "Ancaq bu vədlər tarixdə qalıb, SSRİ yoxdur, Kastro da, üstəgəl Kuba artıq Venesueladan ucuz neft ala bilməyəcək və bu hal kubalıların sosial dumurunu ağırlaşdıracaq. Tramp və onun Kuba əsilli dövlət katibi Rubio bu durumdan öz məqsədləri üçün istifadə barədə düşünə bilərlər".
Elxan Şahinoğlu bildirib ki, ABŞ xüsusi təyinatlıları Kolumbiyada keçmiş illərdə narkokartellərə qarşı müxtəlif əməliyyatlar həyata keçiriblər: "1990-cı illərin əvvəllərində məşhur kolumbiyalı narkobaron Pablo Eskobara qarşı əməliyyatda amerikalı hərbi mütəxəssislər də iştirak ediblər. Kolumbiyanın hazırki Prezidenti solçu və partizan hərəkatının keçmiş üzvü Qustavo Petrodur. O Venesuela Prezidenti Nikolas Maduronun oğurlanmasına ən sərt reaksiya verən dövlət başçılarındandır. Bu baxımdan Kolumbiyanı ram etmək asan olmayacaq. Meksikaya gəldikdə, ABŞ-ın bu ölkənin narkokartelləri ilə mübarizə təcrübəsi var, indinin özündə Amerika həbsxalanalrında kifayət qədər meksikalı narkotacirlər var".