AZ

Holann necə və nə qədər qazanır?

“Mançester Siti”nin “qol maşını” Erlinq Holann rəqiblərin başına oyun açmaqda və rekordları kosmik sürətlə yeniləməkdə davam edir.

"Football-plus.az" xəbər verir ki, dekabrın əvvəllərində o, “Fulhem”lə oyunda fərqlənməklə premyer-liqada 100-cü qolunu vurdu. Bunu 111-ci oyunda etməklə yeni rekord müəyyənləşdirdi.

Əvvəlki rekord Alan Şirerə (124) məxsus idi. Bu mövsüm klub və yığma səviyyəsində norveçlinin hesabında 28 oyunda 37 qol var. Əminik ki, bu ağlasığmaz rəqəmləri hələ çox eşidəcəyik. Amma biz bu dəfə Holannı əhatə edən, ona yol göstərən insanlardan, eləcə də onun imzaladığı çoxsaylı sponsorluq müqavilələrindən danışmaq istəyirik.

“Onun 1 milyard avro qazanmaq potensialı var”
Meneceri Rafaela Pimentanın iddiasına görə, Holann bütün karyerası ərzində 1 milyard avro qazanmağa qadirdi. Burda söhbət təkcə maaşdan yox, imic və sponsorluq müqavilələrindən, eləcə də başqa gəlirlərdən gedir. Pimenta 2022-ci ildən Erlinqin karyerasını nəzarət altında saxlayır. Həmin vaxta qədər o, Mino Rayola ilə birlikdə Holann brendini inkişaf etdirməyə çalışırdı. Amma həmin il Rayola dünyasını dəyişəndən sonra bu xanım Holannın yeganə menecerinə çevrildi. Daha öncə vəkil kimi çalışan Pimenta sonradan menecerə çevrildi. Elə Holannın “Siti”yə keçidində də məhz onun böyük əməyi olmuşdu.

Ümumilikdə Pimenta “şəhərlilər”dən 250 milyon avro “qoparmağa” müvəffəq oldu. Bunun 75 milyon avrosu Dortmund “Borussiya”sına, 125 milyon avrosu (5 il ərzində) futbolçuya, 50 milyon avrosu isə Pementanın özünə çatıb.

Bu ilin yanvarında, yəni ötən mövsümün qış transfer dönəmində “Siti” bütün söz-söhbətə nöqtə qoyaraq Holann ilə yeni – 10 illik müqavilə imzaladı. Üstəlik müqavilədə heç bir sərbəstqalma maddəsi yoxdu. Bununla da Mançester klubu həm bu futbolçunun gələcəyini belə desək, ələ keçirdi, həm də onun “Real”a yollanacağı ilə bağlı şayiələrə birdəfəlik son qoydu. Yeni müqavilədən sonra 25 yaşlı futbolçunun həftəlik maaşı 150 min funt sterliq artaraq 525 min funt sterliqə çatdı!

Maraq üçün bildirək ki, premyer-liqada bu göstəricidə ikinci pillədə “Liverpul”un ulduzu Məhəmməd Salah (həftəlik maaşı 400 min funt sterlinq) qərarlaşıb. “Forbes”in məlumatına görə, Holannın illik maaşı 33,5 milyon dollar olsa da, müxtəlif bonuslar sayəsində bu məbləğ 60 milyon dollara qədər yüksələ bilir.

Pimentadan başqa norveçli qoleadorun brendinin inkişafının üzərində böyük bir komanda çalışır. Təbii ki, burda ən mühüm rolu onun atası – “Siti”nin sabiq müdafiəçisi Alf-İnqe Holann oynayır. O hələ illər öncə daşınmaz əmlaka, aksiyalara və idman biznesinə investisiya qoyan “Sport Office” adlı ailəvi holdinq şirkətini qurub. Ata Holannın strateji və uzaqgörən addımlarından biri “Nayk” ilə münasibətdə üzə çıxmışdı. Erlinq 14 yaşından etibarən “Nayk” ilə əməkdaşlıq edirdi. 2021-ci ildə bu şirkətlə anlaşması bitəndən sonra o, atasının göstərişi ilə tədbirlərə digər brendlər – “Adidas” və “Puma”da yollanmağa başladı. Ata Holannın tələb etdiyi 200 milyon avronu ödəmək istəməyən “Nayk” isə sonda “ağ bayraq qaldırmalı” oldu. Şirkət 2023-ün əvvəllərində 10 illik və 240 milyon dollarlıq müqaviləyə razılıq verdi!

Brendin arxasında kimlər dayanıb?
Ata Holannla birlikdə oynamış Eqil Ostenstad Erlinqin maliyyə direktoru, sabiq veloyürüşçü Mario Pafundi isə faktiki onun şəxsi fizioterapevtidi. Səhhətinə, sağlamlığına, oyunlardan sonra orqanizmin düzgün bərpasına mühüm diqqət ayıran Erlinq bu baxımdan daim Pafundinin nəzarəti altındadı. Onun zədələrinə 2020-ci ildən bu yana Con Haddad nəzarət edirsə, İvar Eqqya onun faktiki mətbuat katibidi. Holannın bütün uçuşlarını, kommunikasiya və evlə bağlı məsələlərini, eləcə də mətbuatla ünsiyyətini məhz Eqqya təmin edir.

Norveçli bombardirin sponsorluq müqavilələrinin sayı isə indidən onlarladı və artmaqda davam edir. Təkcə “Breitling” lüks İsveçrə saatı şirkəti ilə əməkdaşlıq ona illik 1 milyon avro qazandırır. Bu şirkət Bred Pitt və Şarliz Teron kimi ünlülərlə də əməkdaşlıq edir. “Dolce&Gabbana” Holanna illik 2 milyon avro ödəyir. Bundan başqa, onun şəkli məşhur “EA Sports” videooyunun üz qabığına da yerləşdirilib. Ötən il həmin üz qabığında Mbappenin şəkli var idi! “Samsunq” və hətta Norveçin ən məhşur meyvə-tərəvəz şirkəti olan “Bama” ilə anlaşmaları da qeyd etmək olar. Ötən il Holann Finlandiyanın “Supersell” şirkətinə məxsus olan dünyanın ən məşhur mobil oyunlarından biri - “Clash of Clans” ilə də müqavilə imzaladı. Holann onun əsasında oyun personajı düzəldilən ilk real insan oldu!

Holannın son anlaşmalarından biri oktyabra təsadüf etdi. Həmin vaxt o, baqaj, çanta, yəni səyahət, eləcə də istirahət üçün lazım olan məhsulları hazırlayan “Db” adlı Skandinaviya brendi ilə əməkaşlığa başladı. Futbolçu nəinki səfirə çevrildi, onu hətta şirkətin müəyyən səhmlər paketi də verildi. Holann qulaqcıqlar istehsal edən “Beats by Dre” şirkəti ilə də əməkdaşlıq edir. Bütün bunlardan savayı Erlinqin özünün Lüksemburqda qeydiyyatdan keçən “Pillage 3 AS” şirkəti var. Bunun sayəsində o, gəmiçiliklə məşğul olan “Hoegh Autoliners” şirkətinə, “Nykode Therepeutics” apteklər şəbəkəsinə, “Akastor” adlı neft sənayesi üzrə investisiya şirkətinə və “Entra” rieltorluq agnetliyinə yatırımlar edib.

Sonda əsas məsələyə toxunaq. “Forbes”in ən son açıqladığı reytinqə əsasən Holann ilin ən çox qazanan futbolçuları siyahısında 80 milyon dollar ilə 5-ci pillədə qərarlaşıb. Onun futbol qazancı 60 milyon dollar, bütün bu sadaladıqlarımız futboldankənar gəlirləri isə 20 milyon dollardı. Holann bu siyahıda yalnız Kriştiano Ronaldo (280 milyon dollar), Lionel Messi (130), Kərim Benzema (104) və Kilian Mbappedən (104) geri qalır.

Seçilən
92
50
football-plus.az

10Mənbələr