AZ

“5:0 və ya 6:0 bitən oyunları heç vaxt bəyənməmişəm” - Kroos Braziliya ilə Almaniyanı mundialın favoritləri arasında görmür

"Football-plus.az" xəbər verir ki, Toni Kroos 2014-cü ildə “Bavariya”dan “Real”a keçərkən heç də superulduz statusunda deyildi. Ona görə də almaniyalının “kral klubu”nun tarixində böyük iz buraxacağını düşünmək olmazdı. Amma Kroos Madriddə əsl əfsanəyə çevrildi. 465 oyun, 28 qol, 99 məhsuldar ötürmə, 5 ÇL daxil olmaqla 23 titul...

2024-ün yayında gözlənilmədən 34 yaşında karyerasını bitirmək qərarına gələn Kroosun yoxluğu hiss olunur. “Real” hələlik onsuz heç bir ciddi titul qazana bilməyib. Həmişə sadə və açıq sözlü olması ilə tanınan Kroos bugünlərdə Braziliya futbolunun əfsanəsi Romarioya müsahibə verib. O, futboldan sonrakı həyatı, braziliyalılarla münasibəti və başqa maraqlı məqamlar haqda danışıb.

- Karyeranı bitirəndən sonra həyatın necə keçir? Nə işlə məşğul olursan?
- Artıq peşəkar futbolçu deyiləm. Amma həyatım gözəl şəkildə davam edir. Həyatımın mühüm bir dönəmi artıq geridə qalıb. Özü də bu dönəm nə az, nə çox – düz 30 ilə yaxın davam etdi. Buna baxmayaraq, əvvəlki kimi xoşbəxtəm. İndi uşaqlarla çalışıram və bu həyatdan da zövq alıram. Onlarla tez-tez futbol barədə söhbətlər edirəm. Çoxu mənə deyir ki, 0:0 hesabıyla bitən oyunları izləmək bir qədər darıxdırıcı olur.

- Karyeranda şərəfini qoruduğun ən böyük klub hansıdı?
- Bu sualın cavabı sadədi. Təbii ki, “Real”. Mənə dünyanın ən yaxşı klubunda 10 il forma geymək nəsib olub. Karyeramın ən unudulmaz və yaxşı illərini məhz o klubda keçirmişəm. Orda saysız-hesabsız uğur qazanmışam. Biz sanki böyük bir ailə idik. Bəli, əminliklə deyə bilərəm ki, karyeramın ən yaxşı illərini “Real”da keçirmişəm.

- Xabi Alonsonun “Real”dakı işini necə qiymətləndirirsən?
- Məşqçilik sahəsində bəlkə də ən çətin iş “Real”ı çalışdırmaqdı. Çünki elə klubdan danışırıq ki, bəzən hətta qalib gələndə də hamı razı qalmır. Dünyada belə klubların sayı çox deyil. Mən hələ bərabərə qalmaqdan və ya məğlub olmaqdan danışmıram. Klubda belə nəticələrə, ümumiyyətlə, alışmayıblar. Dərhal tənqidlər başlayır. Məşqçinin vaxtı olmur. O, komandanın yarım ildən və ya bir ildən sonra necə oynayacağını düşünə bilmir. Çünki məşqçidən indi və burda nəticə tələb olunur. Xabi çox güclü məşqçidi və əminəm ki, “Real” kimi klubu çalışdırmaq üçün lazımi keyfiyyətlərə malikdi. Üstəlik bu klubu yaxından tanıyır. Alonso klubun başına keçərkən nə ilə qarşılaşacağını təxmin etmişdi. İndi soyuqqanlı olmaq və ona vaxt vermək lazımdı. Hərçənd “Real”da belə şeylər çətindi.

- Endrikin “Lion”a yollanmasını dəstəkləyirsən?
- Endrik üçün indi oynamaq və oyun praktikası qazanmaq hər şeydən önəmlidi. “Real”da hələ ki bunu edə bilmirsə, ən yaxşı variant icarə əsasında başqa kluba yollanmaqdı. Mən də 18 yaşım olanda məhz belə düşünürdüm. “Bavariya”da mənə az şans verildiyi üçün “Bayer-04”ə yollanmışdım. Endrik də belə addım atdı.

- Ümumiyyətlə, braziliyalı futbolçularla çox oynamısan. Onlarla münasibətlərin necə olub?
- Uşaqlıqdan həmişə braziliyalılarla çox yaxşı anlaşmışam. “Real”da Vinisius, Kazemiro, Militao... Bir-birimizi həmişə yaxşı başa düşmüşük. Onlar həyatdan zövq almağı bacarır. Düzdü, braziliyalıların həyat tərzi almanlarınkından çox fərqlənir. Kazemiro və ya Vinisius ilə birlikdə oynamaq çox rahat idi. Bir-birimizi az qala gözüyumulu anlayırdıq. Xüsusilə Vinisiusla aramızda bir “kimya” var idi. Meydandan kənarda da gözəl anlaşırdıq. Ümumiyyətlə, düşünürəm ki, bir futbolçu ilə meydandan kənarda yaxşı anlaşmırsansa, onunla meydanda yaxşı anlaşmağın mümnü deyil. Mən tez-tez onun müdafiəçilərin arxasına sürətli açılmalarını dəyərləndirirdim. O da mənim ötürmələrimi dəyərləndirirdi.

- DÇ-2026 üçün favoritlərin hansı komandalardı?
- İspaniya, Portuqaliya və Fransa. Avropadan olmayan və ya sürpriz bir ölkənin də adını çəkməli olsam, Mərakeşi deyərdim. Braziliyanın adını çəkmirəm. Amma təbii ki, onlar da favoritlər arasında qeyd oluna bilərlər. Almaniya onsuz da həmişə favoritlər arasındadı. Amma düzünü desəm, mən onları favoritlər sırasında görmürəm. Əminəm ki, onlar 1/4 finala və ya yarımfinala qədər irəliləməyə qadirdi. Sadəcə, bundestimin indiki səviyyəsi az öncə adını sadaladığım favoritlərin səviyyəsindən bir qədər aşağıdı. Hərçənd konkret bir oyunda istənilən nəticə qeydə alına bilər.

- Mundialda komandalarının sayının 48-ə yüksəldilməsi qərarını dəstəkləyirsən?
- Bəlkə də belə nəhəng turnirdə çox ölkənin iştirak etməsi yaxşı haldı. Amma şəxsən mən indiki məqamda bunun əleyhinəyəm. Biz həm futbolçuların sağlamlığının, həm də turnirin səviyyəsinin qeydinə qalmalıyıq. Bu qədər çox komanda iştirak edirsə, deməli, biz bir tərəfin inamlı və ya böyükhesablı qələbələrinin şahidi çox olacağıq. Bu isə fanatların DÇ kimi turnirdə görmək istədiyi bir şey deyil! Mən belə oyunlara, sadəcə, daha bir seçmə mərhələ gözü ilə baxıram. Mənim üçün maraqlı, səviyyəli oyunlar görmək daha vacibdi. Heç vaxt 5:0 və ya 6:0 hesabı ilə bitən qarşılaşmaları bəyənməmişəm. Mundial zatən ağır mövsümdən sonraya təsadüf etdiyi üçün futbolçular bura yorğun gəlir. Üstəlik oyun sayı da artdıqda səviyyə aşağı düşür.

- Karlo Ançelottinin Braziliyanın başına keçməsini necə dəyərləndirirsən?
- Əslində bu vəzifəyə hələ bir il öncə yollana bilərdi. Amma daha bir il “Real”da qalmağa üstünlük verdi. Yayda onuinla görüşəndə bir qədər söhbət etdik və yeni işində uğurlar arzuladım. Bilirəm ki, Braziliyanın başına keçmək fürsəti yaxaladığı üçün çox sevinclidi. Ümid edirəm ki, hər şey istədiyi kimi olacaq. Braziliyanın Vinisius kimi həm səviyyəli, həm də artıq təcrübə toplamış futbolçusu var.

- Bəs Neymar?
- Neymarla bağlı əsas sual onun nə vaxt 100 faiz hazır olacağıdı. Futbolsevərlər bu suala artıq neçə ildi cavab axtarırlar. Neymar son vaxtlar tez-tez zədələnir. Oyun praktikasının azlığından əziyyət çəkir. İndi yenə zədəlidi. Mövsümün bitməsinə isə cəmi 6 ay qalıb. Amma təbii ki, Neymar fiziki və psixoloji cəhətdən hazır durumda olanda dünyanın istənilən komandasına fayda verə bilər.

- DÇ-2014-ün yarımfinalında Braziliyanı 7:1 məğlub etdiyiniz oyun yadında necə qalıb?
- O qarşılaşma ilə bağlı yalnız xoş xatirələrim var. Ümumiyyətlə, o turnir zamanı Braziliyada keçirdiyimiz həftələr bizim üçün, sadəcə, möhtəşəm alınmışdı. Braziliya xalqı ilə birlikdə çox gözəl zaman keçirdik. Yarımfinaldakı həmin oyun bütün Braziliya üçün ağır zərbə oldu. Hərçənd braziliyalıların oyundan sonra reaksiyaları pozitiv idi. Onlar oyundan sonra bizdən yalnız bir şey – finalda Argentinanı məğlub etməyi xahiş edirdilər.

Karyeramboyu mənə bir neçə mühüm və tarixi qarşılaşmada iştirak etmək nəsib olub. Əminliklə deyə bilərəm ki, Braziliya ilə oyun məhz bunlardan biridi. Karyeramın ən önəmli 5 matçının siyahısını tərtib etsəm, bu matç mütləq ora düşər. Final fitindən sonra özümüz də nəticəyə inana bilmirdik. Braziliya yığmasında mənim bəzi komanda yoldaşlarım var idi. Onlar üçün çox üzülmüşdüm.

- Bəs klublararası DÇ haqda nə düşünürsən?
- “Real”da həmişə qarşımıza istənilən turnirdə qalib gəlmək hədəfi qoyulurdu. Sözsüz, bu turnir də önəmlidi. Amma fikir vermişəm ki, KDÇ daha çox braziliyalılar üçün mühüm əhəmiyyət daşıyır. Avropalılar üçün ÇL-də qələbə daha önəmlidi. Hərçənd KDÇ-ni qazanmaq ÇL-i qazanmaqdan daha asandı.

- Sonda bu qısa suallara konkret cavablar verməyini istərdim. Karyerandakı ən yaxşı baş məşqçi?
- Ançelotti. Çünki o, böyük komandanı idarə etməyi gözəl bacarır. Özü də təkcə futbol planında yox.

- Dünyanın ən yaxşı stadionu?
- “Bernabeu”.

- Karyeranın ən yaxşı oyunu?
- ÇL-in finalında “Yuventus”u məğlub etdiyimiz matç (2017-ci ildə “Real” 4:1 üstün olmuşdu – red.).

- Birlikdə oynadığın ən yaxşı futbolçu?
- Kriştiano Ronaldo. Geriyə boylananda karyeramda yaşadığım hər şey mənə yuxu kimi gəlir.

Seçilən
83
40
football-plus.az

10Mənbələr