24 qat Böyük Dəbilqə turnirlərinin qalibi, tennisçi Novak Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasını (PTPA) tərk etdiyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, serbiyalı idmançının bu qərarı verməsinə bir sıra institusional və idarəetmə ilə bağlı amillər səbəb olub.
“Şəffaflıq, idarəetmə və səsimin, eləcə də imicimin necə təmsil olunması ilə bağlı davam edən suallar bu qərarı verməyimə səbəb oldu. Vaşek Pospisil ilə birlikdə PTPA-nı qurarkən paylaşdığımız mövqeyə görə qürur duyuram. Məqsədimiz tennisçilərə daha güclü və müstəqil səs qazandırmaq idi. Lakin zamanla dəyərlərimin və yanaşmamın təşkilatın hazırkı inkişaf istiqaməti ilə üst-üstə düşmədiyi aydın oldu.
Bundan sonra diqqətimi tennisə, ailəmə və idmana prinsiplərimə uyğun şəkildə töhfə verməyə yönəldəcəyəm. Oyunçulara və bu işdə iştirak edən hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Mənim üçün isə bu mərhələ artıq başa çatıb.”
Qeyd edək ki, PTPA 2020-ci ildə Novak Cokoviçin fəal iştirakı ilə yaradılıb. Assosiasiya daha əvvəl ATP, WTA, ITF və ITIA qurumlarını səlahiyyətlərdən sui-istifadə etməkdə və tennisçilərin rifahına ciddi şəkildə laqeyd yanaşmaqda ittiham etmişdi. İddiaçılar arasında Nik Kyrgios, Raylli Opelka, Varvara Qraçova və Sorana Kirstya kimi tanınmış tennisçilər də yer alıb.