BAKI, 5 yanvar. TELEQRAF
ABŞ-nin Missisipi ştatında iri miqyaslı maliyyə fırıldağı baş verib.
Teleqraf xəbər verir ki, "Daily Mail" hadisənin təfərrüatını əldə edib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, yoxsul ailələr üçün nəzərdə tutulmuş sosial yardım proqramı çərçivəsində azı 77 milyon dollar vergi ödəyicilərinin vəsaiti təyinatı üzrə xərclənməyib.
İstintaq materiallarına əsasən, vəsaitlər ehtiyacı olanlara yardım əvəzinə bahalı avtomobillərin alınmasına, dəbdəbəli evlərin maliyyələşdirilməsinə, cərimələrin ödənilməsinə və Missisipi Universitetində 5 milyon dollarlıq voleybol stadionunun tikintisinə yönəldilib.
Qalmaqalın mərkəzində peşəkar restlinq dünyası ilə bağlı şəxslər dayanır. Keçmiş WWE ulduzu Ted DiBiase Jr. sosial yardım proqramlarından milyonlarla dolların mənimsənilməsində ittiham olunur.
Prokurorların iddiasına görə, o, saxta müqavilələr vasitəsilə təxminən 4 milyon dolları şəxsi ehtiyacları üçün istifadə edib.
Onun qardaşı Brett DiBiase və daha bir neçə şəxs ittihamları qəbul edərək günahını etiraf edib. Lakin Ted DiBiase Jr. özünü təqsirli bilməyərək məhkəmə qarşısına çıxmağa qərar verib. Məhkəmənin bu həftə başlaması gözlənilir.
İş üzrə indiyədək yeddi nəfər federal və ştat səviyyəsində ittihamlar üzrə günahını etiraf edib. Qalmaqalda ən yüksək vəzifəli şəxs olan Missisipi İnsan Xidmətləri Departamentinin keçmiş rəhbəri John Davis artıq 32 il həbs cəzasına məhkum edilib.
İstintaq çərçivəsində qeyri-kommersiya təşkilatlarının rəhbərləri, o cümlədən ən çox vəsait alan qurumun başçısı Nancy New də məsuliyyətə cəlb olunub. O və oğlu ittihamları qəbul etsələr də, hələlik hökm oxunmayıb.
Qeyd olunur ki, oxşar fırıldaqçılıq iddiaları hazırda Minnesota ştatında da araşdırılır. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, uşaqlar üçün qida proqramı adı altında on milyonlarla dolların mənimsənilməsi ilə bağlı 70-dən çox şəxs ittiham olunur.
Rəsmilər bildirirlər ki, bu hallar ABŞ-də sosial yardım proqramları üzərində nəzarətin gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirib.