Havana Venesueladakı əməliyyat zamanı həlak olan kubalıların xatirəsini yad edir...
Kuba prezidenti Miqel Dias-Kanel Venesuelada baş verən hadisələr zamanı həlak olan 32 Kuba vətəndaşı ilə əlaqədar ölkədə iki günlük milli matəm elan edib.
Poliqon xəbər verir ki, bu barədə Kubanın rəsmi Granma nəşri məlumat yayıb.
Prezidentin imzaladığı fərmana əsasən, milli matəm 5 yanvar saat 06:00-dan 6 yanvar 2026-cı il gecə yarısınadək davam edəcək. Sənəddə qeyd olunur ki, həlak olanlar Venesuela prezidenti Nikolas Maduronun müdafiəsi zamanı həyatlarını itiriblər.
Yanvarın 4-də ABŞ dövlət katibi Marko Rubio açıqlama verərək bildirib ki, Venesueladan sonra Amerika hakimiyyətinin növbəti hədəfi Kuba hökuməti ola bilər. O, Vaşinqtonun Havana ilə bağlı hansı konkret addımlar ata biləcəyini açıqlamayıb, lakin ABŞ-nin hazırkı Kuba rəhbərliyini dəstəkləmədiyini gizlətməyib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Venesuelada keçirilən ABŞ Silahlı Qüvvələrinin əməliyyatı zamanı Maduronu qoruyan çoxlu sayda kubalının zərərsizləşdirildiyini demişdi.
Yanvarın 3-də Miqel Dias-Kanel Bermudes beynəlxalq ictimaiyyəti ABŞ-nin Venesuelaya hücumuna reaksiya verməyə çağırıb. O vurğulayıb ki, Havana Amerika hərbçilərinin Latın Amerikası ölkəsinə qarşı həyata keçirdiyi bu hücumu qətiyyətlə pisləyir və onu cinayət xarakterli addım kimi qiymətləndirir.
Poliqon.info