AZ

Qışda kökəlməmək üçün nə etməli? - Həkimdən MƏSLƏHƏTLƏR

Qış aylarında artıq çəki yığmamaq üçün orqanizmdə “xoşbəxtlik hormonu” kimi tanınan serotoninin səviyyəsini artırmaq vacibdir.

Redaktor.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya açıqlamasında Rusiya Elmi Cərrahiyyə Mərkəzinin endokrinoloqu Yuliya Atamanova bildirib.

Həkimin sözlərinə görə, serotonin aclıq və toxluq hissini tənzimləyən əsas neyromediatorlardan biridir. O, qida davranışına birbaşa təsir edir, insanın nə vaxt kifayət qədər yediyini daha tez anlamasına kömək edir, hipotalamusda toxluq mərkəzini aktivləşdirir və aclıq mərkəzinin fəaliyyətini zəiflədir.

Atamanova qeyd edib ki, serotoninin artırılması üçün ən effektiv üsullardan biri fiziki aktivlikdir. Aktiv məşqlər zamanı orqanizmdə triptofan adlı amin turşusunun ifrazı artır və məhz bu maddə beyində serotoninin sintezində istifadə olunur. Həkim mütəmadi gəzintilərin də faydalı olduğunu vurğulayıb.

Serotoninin artmasına kömək edən əsas qida məhsulları isə triptofanla zəngin olan ağ ət, balıq, paxlalılar, tofu, süd məhsulları, tərəvəzlər, meyvələr və tam taxıllı məhsullardır. Mütəxəssis məsləhət görür ki, bu məhsullar zülal və tam taxıllı qidalarla birlikdə qəbul edilsin ki, triptofanın daha çox hissəsi serotonin sintezinə yönəlsin.

Bundan başqa, spirtli içkilərin qəbulunun azaldılması da vacibdir, çünki alkoqol serotoninin ifrazını zəiflədir.

Həkim qış aylarında maye çatışmazlığı probleminə də diqqət çəkib. Onun sözlərinə görə, soyuq havalarda susuzluq hissi zəiflədiyi üçün insanlar tez-tez susuzluğu aclıqla səhv salır və bu da artıq yeməyə səbəb olur. Soyuq havada ilıq çay və ya limonlu su kimi içkilər həm isinməyə, həm də orqanizmin maye ehtiyacını ödəməyə kömək edir. Gün ərzində orta hesabla 1,5–2 litr maye qəbul etmək tövsiyə olunur.

Nuriyyə NATİQQIZI

Seçilən
146
18
redaktor.az

10Mənbələr