AZ

2025-ci il Çində rekord səviyyədə isti dövr olub

Pekin, 5 yanvar, AZƏRTAC

Çində 2025-ci ildə havanın illik orta temperaturu 11 dərəcə Selsi təşkil edib. Bu, 1961-ci ildən bəri rekord göstəricidir.

AZƏRTAC Çin Meteorologiya Administrasiyasına istinadla xəbər verir ki, 2025-ci ildə qeydə alınmış orta temperatur Çin üçün tipik illik orta hərarətdən 1,1 dərəcə çox olub. Çinin 16 bölgəsində, o cümlədən Sincan-Uyğur Muxtar Rayonu, Ciansi və Hubey əyalətlərində də illik orta temperatur 1961-ci ildən bəri ən yüksək həddə çatıb.

Administrasiyanın tabeliyindəki Milli İqlim Mərkəzinin baş mühəndisi Şi Şuay bildirib ki, iyun-avqust aylarında havanın orta temperaturu 22,3 dərəcə təşkil edib. Bu, Çin üzrə tipik orta rəqəmdən 1,1 dərəcə yüksək olmaqla yanaşı, 2024-cü ildəki göstəricini də ötüb.

Paytaxt Pekin isə 1961-ci ildən sonra ən yağıntılı mövsümünü keçirib. Belə ki, Çinin şimal hissəsində yağış mövsümünün uzunluğu və yağıntının miqdarı rekord səviyyəyə çatıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
121
17
azertag.az

10Mənbələr