Həftə sonu Venesuelada baş verən hadisələr belə bir ehtimal yaradıb ki, Birləşmiş Ştatların həyata keçirdiyi əməliyyat tək bu ölkə ilə kifayətlənməyəcək. Vaşinqtonun yaxın vaxtlarda hədəfə aldığı digər ölkələrə qarşı da oxşar əməliyyatlar həyata keçirəcəyi istisna edilmir. Bu sırada hətta İranın da adı halanır. Bəs görəsən ekspertlər bu barədə nə düşünür?
Newscenter.az-ın xəbərinə görə, siyasi şərhçi Pərviz Mirizadə deyib ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampın İranda baş verən etirazlarla bağlı öz mövqeyini bildirməsi Tehrana qarşı hərbi əməliyyatların növbəti raundunun başlaması ehtimalını artırır. Onun sözlərinə görə, hadisələr zəncirvari xətt üzrə inkişaf edir və Təl-Əviv Vaşinqtonu yeni hərbi əməliyyatlara razı salmağa çalışır:
"Ancaq, İranla Venesuelanı eyniləşdirmək məqsədəuyğun deyil. İranda cəmiyyət ideoloji əsaslara bağlıdır və indiki situasiyada hər hansı bir xarici müdaxilə xalqı vahid düşmən anlayışı ətrafında birləşdirər. Bu isə regionda domino effekti yarada bilər. Hesab edirəm ki, Vaşinqton rəsmiləri bunun fərqindədir və hadisələri hələlik məhz daxili ixtişaşlar fonunda inkişaf etdirməyə çalışacaqlar".
Süleyman