Regiondakı mürəkkəb geosiyasi proseslər Azərbaycan üçün daim diqqətdə saxlanmalı olan əsas məsələlərdən biridir. Tarixi ziddiyyətlər, böyük güclərin rəqabəti və qonşu ölkələrdə baş verən daxili-siyasi proseslər Cənubi Qafqazda təhlükəsizlik balansına birbaşa təsir göstərir. Bu baxımdan Azərbaycanın regional siyasəti ehtiyatlı, praqmatik və gələcək riskləri öncədən nəzərə alan yanaşma üzərində qurulub.
Politoloq Azər Qasımov Editor.az-a bildirib ki, Azərbaycanın yerləşdiyi region elə bir siyasi konfiqurasiyaya malikdir ki, burada dövlətlərarası münasibətləri yalnız bugünkü proseslər deyil, tarixi reallıqlar və qarşılıqlı etimadsızlıq faktorları formalaşdırır.
Onun sözlərinə görə, istər regionun böyük, istərsə də kiçik dövlətləri arasında tarixi çəkincələr mövcuddur və bu amil ölkələri bir-birindən müəyyən məsafədə dayanmağa məcbur edir:
“Xüsusilə İran və Rusiya bu mürəkkəb siyasi konfiqurasiyanın əsas aktorları sırasında yer alır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz hər zaman hər şeyə hazır olmalıyıq.
Regionda baş verən proseslər birbaşa Azərbaycana qarşı yönəlmiş təzyiq və ya müdaxilə xarakteri daşımaya bilər, lakin qonşu ölkələrdə yaşanan mənfi proseslərin dolayı təsirləri ölkəmiz üçün də risk yarada bilər. Bu mənada, söhbət yalnız konkret təhdidlərdən getmir. Ətraf ölkələrdəki daxili və xarici siyasi proseslərin Azərbaycana təsir imkanları da nəzərə alınmalıdır”.
Azər Qasımov vurğulayıb ki, Azərbaycan hər zaman qonşu dövlətlərlə dostluq və səmimi münasibətlərin qurulmasında maraqlı olub və bu istiqamətdə ardıcıl siyasət yürüdür:
“Azərbaycan qonşu ölkələrdə sabitlik və əmin-amanlıqda maraqlıdır. Bu il də ətraf dövlətlərlə müsbət və konstruktiv əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək. İran və Rusiyada baş verən proseslərə Azərbaycanın təsir imkanları məhdud olduğundan, bu ölkələrlə münasibətlərin formalaşması daha çox qarşı tərəfin mövqeyindən asılıdır. Xüsusilə İran və Rusiya kontekstində onların Azərbaycana münasibəti bizim də onlara yanaşmamızı müəyyən edir”.
Politoloq ümid etdiyini bildirib ki, region ölkələrində baş verən hadisələr onların Azərbaycana və bütövlükdə Cənubi Qafqaz dövlətlərinə münasibətinə mənfi təsir göstərməyəcək:
“Hesab edirəm ki, Azərbaycan dövləti dostluğa sadiq olduğu kimi, düşmən münasibətə də adekvat cavab verə biləcəyini öz addımları ilə dəfələrlə sübut edib. Regionda sülh və qarşılıqlı əməkdaşlıqdan başqa alternativ yol yoxdur və bu həqiqətin bütün tərəflər tərəfindən dərk edilməsi hər kəsin maraqlarına uyğundur. Odur ki, ümid edirik ki, bu reallıqlar regiondakı bütün aktorlar tərəfindən düzgün qiymətləndiriləcək”.
//Gülnarə Abasova, Editor.az