AZ

Şabran rayonunda şəhidlərin ruhuna hörmətsizlik: Şəhid anası yolu bağlayaraq etiraz etdi

Şabran rayonunda baş verən hadisə cəmiyyət üçün ciddi siqnal, aidiyyəti qurumlar üçün isə utancverici mənzərədir. Rayon ərazisində yol kənarlarında yerləşdirilən şəhidlərin xatirə lövhələrindəki şəkillərin kəsilərək götürülməsi faktı şəhid ailələrinin səbr kasasını daşırıb.
Məlumata görə, bu vandalizmə və laqeydliyə etiraz edən şəhid anası əlində şəhid oğlunun şəkli və Azərbaycan bayrağı ilə rayonun yolunu bağlayaraq etiraz aksiyası keçirib. Bir ana öz şəhid balasının şəkli ilə yolun ortasında dayanıb ədalət axtarırsa, bu artıq təkcə bir ailənin deyil, bütün cəmiyyətin problemidir.
Sual açıqdır:
Şəhidin şəkli niyə yol kənarından kəsilib götürülməlidir?
Kim buna icazə verib və ya niyə buna göz yumulub?
Şəhidlərin şəkilləri reklam banneri deyil ki, istənilən vaxt çıxarılsın. Bu şəkillər xalqın yaddaşı, dövlətin şərəfi, anaların göz yaşının simvoludur. Şəhidin xatirəsinə toxunmaq, onun şəklini kəsmək — birbaşa mənəvi cinayətdir.
Daha acınacaqlısı odur ki, şəhid ailəsi səsini eşitdirmək üçün yol bağlamağa məcbur qalır. Deməli, məsul qurumlar ya problemdən xəbərsizdir, ya da xəbərdar olub susmağa üstünlük verib. Hər iki halda bu, bağışlanmazdır.
Bu ölkədə şəhidlər siyasət üçün xatırlanmamalıdır. Şəhid yalnız bayramlarda yada salınmamalı, şəkli yalnız tədbirlər üçün asılmamalıdır. Şəhidin adı da, şəkli də toxunulmazdır!
Aidiyyəti qurumlar dərhal:
Şəhid şəkillərinin kimlər tərəfindən və hansı əsasla götürüldüyünü araşdırmalı,
Məsul şəxsləri cəzalandırmalı,
Şəhid ailəsindən açıq şəkildə üzr istəməlidir.
Əks halda, bu susqunluq yeni etirazlara, daha dərin ictimai narazılığa yol açacaq. Çünki şəhid anasının səssiz qalmağa borcu yoxdur — borclu olan dövlətdir.



Seçilən
58
7news.az

1Mənbələr