Rusiya hökuməti çətin demoqrafik vəziyyət fonunda ailə mübahisələrinin mediasiya yolu ilə, yəni müstəqil vasitəçilərin cəlb edilməsi yolu ilə həlli üçün məcburi məhkəmədənkənar prosedur təklifləri hazırlayır. Vətəninfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ailə və demoqrafik siyasətin həyata keçirilməsi planında qeyd olunur.
Təklif olunan normalara əsasən, boşanmaq qərarına gələn rusiyalılar, xüsusən də uşaqların iştirak etdiyi hallarda, mübahisələrin məhkəmədənkənar həllinin bir hissəsi olaraq vasitəçi ilə “məlumatlandırma görüşü”ndə iştirak etməli olacaqlar. Mediasiya zamanı mübahisə üzrə icraat dayandırılacaq. Bundan əlavə, hakimiyyət orqanları vahid vasitəçilər reyestri yaratmaq və bu sahəni tənzimləyən səlahiyyətli federal orqan yaratmaq istəyirlər.
Planda qeyd edildiyi kimi, digər yeni məqam rusiyalıları “uşaqlarla bağlı ailə mübahisələri üzrə məhkəmə qərarlarının məcburi icrası mərhələsində” də vasitəçilikdən istifadə edə biləcəkləri barədə məlumatlandırmaq olacaq.
Dəyişikliklərin “Vasitəçinin iştirakı ilə alternativ mübahisələrin həlli proseduru (vasitəçilik proseduru) haqqında” Federal Qanuna edilməsi planlaşdırılır. Qanun layihəsinin hazırlanması Ədliyyə, İqtisadi İnkişaf, Əmək və Maliyyə nazirliklərinə həvalə edilib. İcra müddəti 2026–2027-ci illərdir.
VTsIOM-un məlumatına görə, 2024-cü ildə Rusiya boşanma nisbətlərinə görə dünyada üçüncü yerdə olub: hər 10 nikahdan təxminən 8-i pozulub. Rosstat bildirir ki, 2020-ci ildə ölkədə 564.704 boşanma, 2021-ci ildə 644.209, 2022-ci ildə 682.850 və 2023-cü ildə 683.796 boşanma qeydə alınıb. Ötən il boşanmaların sayı 6% azalaraq 644 minə çatıb, lakin eyni zamanda nikahların sayı da azalıb (7%).
VTsIOM tərəfindən aparılan sorğu göstərir ki, rusların üçdə biri boşanmanın səbəbi kimi yoxsulluğu və ailəni dolandıra bilməməyi, 15%-i anlaşılmazlığı, 14%-i isə xəyanəti və qısqancı göstərir. Sosial psixoloq Aleksey Roşçin qeyd edib ki, son illərdə nikahların sabitliyinə ölkədə hökm sürən ümumi “qorxu və panika atmosferi” də təsir göstərmiş ola bilər.