AZ

ABŞ-Azərbaycan əlaqələrinin inkişafı perspektivdə dayanıqlı iqtisadi irəliləyişi vəd edir - ŞƏRH

Bakı, 5 yanvar, AZƏRTAC

Azərbaycanın regionda sülhə və iqtisadi inkişafa nail olmaq üçün həyata keçirdiyi tədbirlər, eləcə də beynəlxalq iqtisadi və ticarət əlaqələrinin səmərəliliyi üçün yaratdığı infrastruktur ABŞ-ın diqqətini cəlb edir. Prezident Donald Tramp ABŞ-ın milli maraqlarını hər şeydən üstün tutaraq Mərkəzi Asiya və Qafqaz regionuna xüsusi maraq göstərir və praqmatik siyasət yürüdən dövlətlərə dəstəyini əsirgəmir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadiyyat üzrə fəlsəfə doktoru Müslüm Cabbarzadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin regionda reallaşdırdığı beynəlxalq əhəmiyyətli iqtisadi layihələr, o cümlədən Orta Dəhliz və onun davamı olan Zəngəzur dəhlizini rəsmi Vaşinqtonu milli maraqları dairəsinə daxil edib.

“Bu nəqliyyat və tranzit xarakterli yollar ABŞ-a Orta Asiya, Cənubi Qafqaz, Şərqi Avropa ilə iqtisadi əlaqələrini daha da artıracaq, Avrasiya qitəsinə nüfuz etmək imkanlarını genişləndirəcək. ABŞ-ın bu strategiyasında Azərbaycan aparıcı mövqeyə malikdir. Yeni ilin ilk günlərində Amerikadan geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfərə gəlməsi və dövlət başçısı ilə görüşü də təsadüfi xarakter daşımır. Azərbaycanda səfərdə olan ABŞ nümayəndə heyətinə Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta və başqalarının daxil olması rəsmi Vaşinqtonun Azərbaycanın milli təhlükəsizliyinin dayanıqlı olmasını təmin etmək niyyətindən xəbər verir”, - deyə M.Cabbarzadə əlavə edib.

Azərbaycanın Avropanın 14 ölkəsini təbii qazla təmin etməsi, Ermənistan ilə sülh prosesini məntiqi sonluğa çatdırmaq üçün onu təcrid olunmuş vəziyyətdən çıxmasına yardım edərək tranzitə icazə verməsi və iqtisadi əlaqələrin tədricən bərpası, Zəngəzur dəhlizi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) üçün tikilən geniş infrastruktur layihələri və ümumilikdə Orta Dəhlizin təhlükəsizliyi təmin olunmalıdır. ABŞ bu infrastruktur layihələrdən istifadə edəcəyi üçün təhlükəsizlik məsələlərinə diqqətlə yanaşır.

“Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq ilk növbədə özünün ərazi bütövlüyü və suverenliyini təmin etdi, digər tərəfdən isə bölgədə uzun illər boyu hökm sürən qeyri-sabitlik, durğunluq, separatçılığa son qoyaraq işğal altında olan ərazilərin terror yuvasına çevrilməsinin qarşısını aldı, yeni reallıqlar yaratdı və qlobal aktorları regiona cəlb etdi. ABŞ-Azərbaycan əlaqələrinin inkişafı perspektivdə dayanıqlı iqtisadi irəliləyişin olacağını vəd edir və rəsmi Bakı beynəlxalq siyasətin subyekti kimi siyasi zəmanət əldə edir”,- deyə M.Cabbarzadə qeyd edib.

Seçilən
57
2
azertag.az

3Mənbələr