ABŞ Prezidenti Donald Trampın Venesueladan sonra yeni hədəfini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Trampın son açıqlamaları Latın Amerikasında gərginliyi daha da artırıb.
ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronun xüsusi əməliyyatla ələ keçirməsindən sonra Vaşinqtonun bölgədə hərbi təhdidləri davam edir.
Tramp bəyan edib ki, Venesuelada ABŞ-nin tələblərini yerinə yetirməyən yeni hökumət ikinci hərbi müdaxilə ilə üzləşə bilər.
Tramp həftəsonu “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında həm Venesuela, həm də Kolumbiya ilə bağlı sərt mesajlar verib. ABŞ lideri Kolumbiyada ABŞ dəstəkli mümkün “əməliyyat” ehtimalını istisna etməyib və bu sözlər regionda narahatlıq doğurub.
ABŞ Prezidenti Kolumbiya rəhbəri Qustavo Petroya qarşı da ittihamlar səsləndirib, onu narkotik qaçaqmalçılığı ilə əlaqələndirib. Tramp daha əvvəl Maduronu da oxşar ittihamlarla hədəf almışdı.
Tramp Venesuelada keçirilən hərbi əməliyyatdan sonra ölkə üzərində nəzarətin ABŞ-də olduğunu iddia edib.
O bildirib ki, müvəqqəti prezident təyin edilən Delsi Rodriges Vaşinqtonla əməkdaşlıq etməsə, Venesuelaya ikinci zərbə endirilə bilər.
Buradan bir neçə sual ortaya çıxır: ABŞ Prezidenti Donald Trampın Venesuela əməliyyatından sonra Latın Amerikası ölkələrinə qarşı sərt bəyanatları, Kolumbiya və Kuba ilə bağlı hədələr və İran üzrə təhdidlər regionda və beynəlxalq səviyyədə təhlükəsizlik balansına necə təsir edə bilər? Xüsusilə ABŞ-ın Venesuela və Kolumbiyaya qarşı mümkün hərbi müdaxiləsi Latın Amerikasında geosiyasi sabitliyi hansı səviyyədə poza bilər? Trampın açıqlamaları Kuba və İran kimi ölkələrdəki mövcud gərginliyi artırmaq potensialına malikdirsə, bu, beynəlxalq münasibətlər və diplomatik danışıqlara hansı təsirləri verə bilər?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, Maduronun Amerika Birləşmiş Ştatlarının xüsusi təyinatlı qüvvələri tərəfindən Venesueladan götürülərək ABŞ-yə aparılması və məhkəməyə çıxarılmasına hazırlıq ehtimalı, şübhəsiz ki, ciddi və təhlükəli bir presedentdir:
“Çünki burada söhbət bir dövlətin siyasi rəhbərinə birbaşa müdaxilə edilməsindən və onun faktiki olaraq zərərsizləşdirilməsindən gedir. ABŞ-nin Maduraya qarşı “narko-terrorizm” ittihamı ilə cinayət işi açmaq istəyi isə bu prosesin hüquqi çərçivəyə salınmasına yönəlmiş addım kimi təqdim olunur”.
Şərhçi qeyd edib ki, bu yanaşma, xüsusilə ABŞ-nin Prezidenti Donald Trampın ritorikasını xatırladır:
“Trampın siyasi xəttinə görə, Amerika qlobal miqyasda öz siyasəti ilə razılaşmayan aktorların – xüsusən də Rusiya, İran və Çinlə sıx əlaqələri olan dövlət və siyasi liderlərin – mövqelərini yenidən nəzərdən keçirməsi gərəkir. Bu isə Vaşinqtonun öz təsir dairəsini sərt güc vasitəsilə qorumağa hazır olduğunu göstərir. Lakin ABŞ-nin hərbi və ya yarı-hərbi müdaxilələrə başlaması məsələsi Amerika cəmiyyətinin daxilində birmənalı qarşılanmır. Min kilometrlərlə uzaqda yerləşən, ABŞ ilə birbaşa sərhəd təması olmayan ölkələrdə belə əməliyyatların aparılması artıq müəyyən narahatlıq yaradır. ABŞ ilə coğrafi və siyasi baxımdan daha həssas münasibətlərə malik regionlarda bu tip addımların atılması isə ümumilikdə Amerika üçün ciddi strateji və daxili siyasi problemlər doğura bilər”.
Azər Hüseynov bildirib ki, məhz bu səbəbdən Trampın sərt xəttini dəstəkləməyən Amerika siyasətçiləri belə addımların ölkənin uzunmüddətli maraqlarına zidd olduğunu düşünürlər:
“Onların mövqeyinə görə, bu cür əməliyyatlar ABŞ-nin beynəlxalq nüfuzuna zərər vura, eyni zamanda ölkə daxilində siyasi parçalanmanı daha da dərinləşdirə bilər. Lakin son hadisələr göstərir ki, bu məsələ nə ABŞ daxilində, nə də beynəlxalq müstəvidə asanlıqla unudulacaq və yaxın dövrdə müzakirələrin mərkəzində qalmağa davam edəcək”.