Gəncə, 5 yanvar, Elcan Məmmədov. AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. Bu gündən başlayan imtahanların gedişinə operativ nəzarətin təmin olunması və tələbələrin biliyinin obyektiv, şəffaf şəkildə qiymətləndirilməsi məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru Zəfər Qurbanov imtahanların gedişini yerində izləyərək, tələbələrə uğurlar arzulayıb. Rektor qeyd edib ki, imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi üçün bütün texniki və təşkilati işlər əvvəlcədən planlaşdırılıb və lazımi şərait tam təmin olunub. Sessiya müddətində imtahan nəticələri ilə bağlı yarana biləcək müraciət və narazılıqların mövcud qaydalara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə İmtahan Qərargahı fəaliyyətini davam etdirəcək.
Sessiya zamanı şəffaflığın və açıq ictimai nəzarətin təmin edilməsi üçün valideynlərin, media və ictimaiyyət nümayəndələrinin imtahan prosesini izləmələrinə şərait yaradılıb.
Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif yanaşmaların tətbiqi nəzərə alınaraq, imtahanlar test və yazılı formada təşkil olunur. Bu, tələbələrin bilik və bacarıqlarının daha dolğun və ədalətli qiymətləndirilməsinə xidmət edir.
Qeyd edək ki, payız semestrinin imtahan sessiyası fevralın 6-dək davam edəcək.