AZ

Balkondan balkona salamlaşan şəhər: Bakının yeni “yaxınlığı”

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda son illər elə binalar tikilir ki, artıq divar yox, sanki ortaq qulaq membranı inşa olunur. Bir binada asqıran adamın səsi qonşu binada “çox yaşa” cavabı ilə qarşılanır. Hətta bəzən cavab gecikəndə adam inciyir: axı səs bu qədər aydın gedibsə, niyə reaksiya yoxdur?

Bu evlərdə səs izolyasiyası anlayışı ancaq elanlarda mövcuddur. Makler deyir: “Divarlar keyfiyyətlidir, səs keçirmir”. Sakin isə gecə saat üçdə yuxudan oyanıb qonşu binadakı ailə münaqişəsinin üçüncü raundunu dinləyir.

Balkonlar ümumiyyətlə başqa mövzudur. Bakının yeni tikililərində balkonlar ünsiyyət üçün nəzərdə tutulub. Sən çay süzürsən, qarşı binanın balkonu “şəkər atdın?” deyə maraqlanır. Uşaq ağlayır, iki bina o tərəfdən analıq məsləhətləri gəlir. Belə getsə, “balkonlararası WhatsApp qrupu” yaratmağa ehtiyac qalmayacaq hamı canlı bağlantıdadır.

Bu yaxınlıq bəzən insanı o qədər sosiallaşdırır ki, istəmədən başqasının həyatının bir hissəsinə çevrilirsən. Qonşu binada kim-kimə borcludur, kimin qayınanası nə vaxt gələcək, kimin maaşı gecikib hamısı açıq mənbədir. İstəməsən də eşidirsən.

Ən maraqlısı odur ki, bu binalar “komfortlu yaşayış kompleksi” adı ilə təqdim olunur. Komfort anlayışı da yəqin ki, yenilənib. Artıq komfort tək qalmaq deyil, başqalarının həyatını HD keyfiyyətdə dinləməkdir. Sakitlik istəyənlər üçünsə qulaqlıq tövsiyə olunur öz evində.

Memarlar bu yaxınlığı yəqin ki, ailə dəyərlərinin möhkəmləndirilməsi kimi düşünüblər. Axı insan qonşusunu tanımalıdır. Amma bizdə tanımaq söhbətlə deyil, səs dalğası ilə baş verir. Hələ pəncərələr üz-üzədirsə, artıq bu təkcə səs deyil, mimika və jestlər də paketə daxildir.

Belə görünür ki, Bakıda ev seçərkən artıq kvadrat metrə yox, desibel məsafəsinə baxmaq lazımdır. Yoxsa bir gün oyanıb anlayacaqsan ki, sən təkcə öz evində yox, yarım məhəllənin həyatındasan. İstəmədən, amma çox səmimi şəkildə.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
103
icma.az

1Mənbələr