AZ

Tanqram nədir və ibtidai siniflərdə nə dərəcədə məqsədəuyğundur?

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Tanqram qədim Çin mənşəli məntiq və düşünmə oyunudur. O, yeddi hissədən ibarətdir. Beş üçbucaq, bir kvadrat və bir paraleloqram. Bu hissələr birləşdirilərək müxtəlif fiqurlar heyvan, insan, əşya və abstrakt formalar düzəldilir. Tanqramın əsas məqsədi uşaqlarda məkan təfəkkürünü, hissə ilə bütöv arasındakı əlaqəni və məntiqi düşünmə bacarığını inkişaf etdirməkdir. Dünyanın bir çox ölkəsində bu oyun riyaziyyatın ilkin mərhələsində köməkçi vasitə kimi istifadə olunur.

Son illər tanqram tapşırıqları Azərbaycanda ikinci sinif riyaziyyat dərsliklərinə də daxil edilib. Nəzəri baxımdan bu, müasir təlim metodlarına uyğun görünür. Lakin praktikada ortaya çıxan mənzərə o qədər də müsbət deyil. İkinci sinif şagirdi hələ əsas həndəsi fiqurları kvadrat, düzbucaqlı, üçbucaq və dairəni yeni tanımağa başlayır. Onların tərəflərini, bucaqlarını, fərqlərini ayırd etməyə çalışan uşaqdan eyni zamanda tanqram hissələrini birləşdirərək mürəkkəb fiqurlar yaratmaq tələb olunur.

Məsələ təkcə fiqur yığmaqla bitmir. Bir çox tapşırıqda uşaqlardan tanqramdan alınan fiqurun perimetrini hesablamaq istənilir. Halbuki perimetr anlayışı ikinci sinif üçün yenidir və bu anlayış əsasən sadə kvadrat və düzbucaqlı üzərində formalaşdırılmalıdır. Mürəkkəb formalı, qeyri-standart fiqurlar üzərində perimetr hesablamaq uşağın anlayışını möhkəmləndirmək əvəzinə onu çaşdırır. Nəticədə uşaq riyazi məntiqi deyil, mexaniki yaddaşı işə salmağa məcbur qalır.

Tanqramın əsas üstünlüyü onun oyun xarakterli olmasındadır. Uşaq səhv edə-edə, sınaya-sınaya öyrənməlidir. Lakin dərsliklərdə və ev tapşırıqlarında tanqram çox zaman qiymətləndirmə alətinə çevrilir. Uşaq fiquru düzgün yığmadıqda və ya perimetri səhv hesabladıqda mənfi rəy alır. Bu isə oyunun təlim funksiyasını arxa plana keçirir və tanqram uşağın gözündə maraqlı məşğuliyyətdən çətin dərs tapşırığına çevrilir.

Digər problem isə yaş xüsusiyyətlərinin nəzərə alınmamasıdır. İkinci sinif şagirdi üçün riyaziyyatda əsas məqsəd anlayışların formalaşmasıdır. Bu mərhələdə yükün artması, tapşırıqların süni şəkildə çətinləşdirilməsi uşağın riyaziyyata marağını azaldır. Bir çox hallarda valideynlər və repetitorlar tapşırıqları uşağın yerinə izah etməyə, hətta həll etməyə məcbur qalırlar ki, bu da təlimin mahiyyətinə ziddir.

Tanqramın tədrisdə istifadəsi tamamilə yanlış deyil. Əksinə, düzgün tətbiq olunduqda o, həndəsi fiqurların öyrənilməsində faydalı vasitə ola bilər. Lakin ikinci sinif səviyyəsində tanqramın mürəkkəb tapşırıqlar və perimetr hesablamaları ilə birgə verilməsi tənqidə açıqdır. Bu oyun daha çox əlavə məşğələ, sərbəst fəaliyyət və ya yuxarı siniflər üçün uyğunlaşdırılmalıdır. Əks halda, düşünməyi və yaradıcılığı inkişaf etdirməli olan bir vasitə uşaqlar üçün riyaziyyat qorxusu yaradan faktora çevrilə bilər.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
bizimyol.info

1Mənbələr