Rumıniyanın “Hidroelectrica” dövlət şirkəti 1982-ci ildə istismara verilmiş “Bredişor” Su Elektrik Stansiyasının (SES) genişmiqyaslı modernləşdirilməsi üçün tender elan edib.
AzNews.az Haqqin.az-a istinadən xəbər verir ki, işlərin həyata keçirilməsi üçün üç əsas namizəd arasında “Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevlə əlaqələndirilən “Azenco” şirkətinin də yer aldığı konsorsium var.
Rumıniya mediası layihə üzrə investisiyaların ilkin dəyərinin 106 milyon avro həcmində qiymətləndirildiyini yazıb.
SES-in modernləşdirilməsi ilə bağlı ilk tender 2022-ci ildə elan olunmuşdu. Həmin vaxt layihənin dəyəri 36 milyon avro olaraq qiymətləndirilsə də, bu məbləğə bərpa işlərini həyata keçirməyə hazır olan podratçı tapılmadığından müsabiqə ləğv edilmişdi. 2023-cü ildə isə Rumıniya şirkəti smetanı yenidən nəzərdən keçirib və məbləği 86 milyon avroya qaldırıb. Lakin bu məbləğ də icraçıların marağına səbəb olmayıb. 2024-cü ilin payızında üçüncü tender elan edilib və burada layihənin dəyəri artıq 106 milyon avronu ötüb.
Modernləşdirilmə işləri çərçivəsində “Bredişor” SES-in istismar müddətinin azı 30 il uzadılması planlaşdırılır.
Qeyd olunub ki, tenderdə iştirakla bağlı üç müraciət daxil olub. Onlardan biri İsrailin nəhəng mühəndislik şirkəti “Baran group”un tərkibinə daxil olan “Baran Israel Ltd” şirkətinin rəhbərlik etdiyi konsorsiumdur. İkinci təklif Rumıniyanın “Electromontaj” assosiasiyası və Xorvatiyanın “Koncar Electrical Industry” şirkətindən daxil olub.
Üçüncü müraciət edən isə Rumıniyanın “Best Achiziții SRL” konsaltinq şirkəti tərəfindən yaradılan konsorsium və Azərbaycanın tikinti şirkəti “Azenco” olub.