Hazırda ölkədə qrip və kəskin respirator viruslarla bağlı epidemioloji vəziyyət nəzarət altındadır.
Bu barədəSəhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib.
Onun sözlərinə görə, infeksiyaların yayılmasını nisbətən azaltmaq məqsədilə artıq sentyabr ayından başlayaraq zəruri profilaktik tədbirlər görülür. Bu tədbirlər iki əsas istiqamətdə aparılır: spesifik və qeyri-spesifik tədbirlər.
"Qrip və kəskin respirator virus infeksiyaları üçün epidemioloji fəsillilik xarakterikdir. Hər il payız və qış aylarında qrip də daxil olmaqla bu tip infeksiyalara yoluxma hallarında təbii artım müşahidə olunur. Kəskin respirator virusların yayılması ilə yanaşı qeyd etmək lazımdır ki, dekabr–fevral ayları məhz fəsli qripin pik dövrü hesab olunur. Nəzərə almaq lazımdır ki, qrip infeksiyası digər respirator viruslarla müqayisədə bəzi hallarda, xüsusən risk qruplarına daxil olan şəxslərdə daha ağır gedişə və fəsadlara səbəb ola bilər. Məhz buna görə qripə qarşı peyvəndləmə işlərinə onun geniş yayılması başlamazdan əvvəl start verilir.
Sentyabr ayından etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəyə gətirilmiş Avropa istehsalı olan yüksək effektiv və təhlükəsiz qrip peyvəndləri ambulator-poliklinik yardım göstərən tibb müəssisələrində əhaliyə ödənişsiz, müraciət əsasında tətbiq olunur. Paralel olaraq, əhalinin, ilk növbədə risk qruplarının peyvəndləmə prosesində könüllü və aktiv iştirakını təmin etmək məqsədilə bütün vasitələrdən, o cümlədən mediadan istifadə olunmaqla geniş maarifləndirmə işləri aparılır.
Peyvənd olunmuş şəxs yoluxduğu halda xəstəlik əksər hallarda əlamətsiz və ya yüngül formada keçir, xüsusilə həssas qruplarda infeksiyanın gedişi daha mülayim olur və fəsadlara daha az rast gəlinir. Qripə qarşı peyvəndləmənin əsas məqsədi və hədəfi məhz risk qrupuna daxil olan şəxslərin qorunmasıdır ki, onların yoluxaraq xəstələnməsi səhiyyə sisteminə əlavə yük yaratmasın. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır və iqtisadi inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da tətbiq edilir".
Mütəxəssis qeyd edib ki, qrip vaksini vurulduqdan sonra virusa qarşı immunitetin formalaşması üçün azı 2 həftə vaxt tələb olunur: