AZ

Mən haqq yolçusuyam, haqq adamıyam -Xatirə Həsrətin şeirləri




Ruhun vətən və sevgi Tanrısına minacatı
Çağdaş poeziyamızın səmimi səslərindən biri olan Xatirə Həsrət Göyçənin şeirləri ilk misralardan oxucunu özünün büllur saflığı, həzin kədəri və sarsılmaz Vətən eşqi ilə ağuşuna alır. Onun yaradıcılığı sadəcə sözlərin düzümü deyil, bir ruhun öz yaradanı, torpağı və keçmişi ilə pıçıldaşmasıdır.

1974-cü ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kəndində anadan olan, bu gün qəlbində, ruhunda doğma torpağın həsrətini yaşadan Xatirə xanımın poetik dünyasında Vətən — itirilmiş cənnətin simvolu, Göyçənin, Zəngəzurun, Ağbabanın nisgilidir. "Sinəmdədi Göyçə dərdi" deyən şairə, coğrafi itkilərimizi fərdi ağrıya çevirərək, oxucunu həm də bir yaddaş təzələnməsinə dəvət edir. Onun misralarında "qanla yazılan tarix suyla yuyulmur", əksinə, gələcək nəsillər üçün bir qürur dərsinə çevrilir.

Mənəviyyat və Eşq mövzusu isə müəllifin yaradıcılığında fərqli bir çalara malikdir. O, sevgini həm insani bir duyğu, həm də ilahi bir işıq kimi təsvir edir. "Öldür məni" rədifli şeirindəki üsyankar səmimiyyət, Haqq yolunda fəda olmağa hazır bir ruhun hayqırtısıdır. Xatirə Həsrət "bu qara dünyanın ağ adamı" olaraq qalmağı bacaran, saflığını qoruyan şairə obrazını böyük ustalıqla yaradır.
Onun dili axıcı, obrazlar sistemi isə klassik və xalq poeziyası ənənələrinə söykənir. Bənövşə ətri, sazın simi, durnaların qatarı bu şeirlərdə sadəcə təbiət təsviri deyil, şairənin daxili yaşantılarının güzgüsüdür.

Təqdim olunan bu şeirlər toplusu sizi həm uzaq dağların dumanına aparacaq, həm də bir qəlbin ən gizli xatirələrinə qonaq edəcək. Bu poetik nümunələrdə hər bir oxucu öz həsrətindən bir parça tapacaq.

Şəmsi Qoca

GÖZƏL

Bənövşə hörüklərini ,
Sərmisən çiyninə, gözəl.
Sevdayamı uydun yenə,
Düşdün eşq oynuna, gözəl ?

Allanıbdı yanaqların,
Qönçələnib dodaqların,
Mələyisənmi dağların,
Girmisən qoynuna gözəl?

Baxışın qığılcım yayır,
Camalında gün parlayır,
Tellərini meh darayır,
Şal düşüb boynuna, gözəl.

Lalənin xalı çənəndə,
Şirin dilin dönüb qəndə,
Ulduzları salıb bəndə,
Almırsan eyninə, gözəl.

Gözlərin dəryadan dərin,
Ox süzdürür kirpiklərin,
Geyinmisən çıçəklərin,
Köynəyin əyninə, gözəl.

OD-ATƏŞLƏ QAYITDIM

Xəyalların dumanından sıyrılıb,
Yaz ətrinə qaranquşla qayıtdım.
Mələklərin ətəyini buraxıb,
Göydən yerə qar, yağışla qayıtdım.

Qönçələrin dağılmamış yuxusu,
Buludlardan çökdü yağış qoxusu,
Ruhumdaydı dənizlərin coşqusu,
Qanad çalıb ilk görüşlə qayıtdım.

Çiçəklərin nəğməsiydi meh səsi,
Şeh üstündə bənövşənin bəstəsi,
Dərdli könlüm həsrət, hicran xəstəsi,
Solan ömrə payız, qışla qayıtdım.

Keçən karvan yollar üstə iz saldı,
Gözlər gördüm gözlərimdən qan aldı,
Ürək yandı sinə üstə dağ qaldı,
Qara bulud, buz baxışla qayıtdım.

Xatirələr buraxmadı inadı,
Yelkən açdı arzuların qanadı,
Tale məni hər addımda sınadı,
Dərya keçdim, od-atəşlə qayıtdım.

QANLA YAZILAN TARİX

Qayalar üstündə köküm, kötüyüm,
Kol-kos kötüyüylə, palıd bir olmaz!
Babamın qoyduğu hər daş tarixdi,
Qanla yazılanlar suyla yuyulmaz!

Dilinin qaymağı ana laylası,
Oddan yoğrulubdu, oddu mayası!
Boz qurd dünyasıdı, Türkün dünyası!
Başının üstündə yad kölgə salmaz!

Torpağı müqəddəs, adı müqəddəs!
Ocağı müqəddəs, odu müqəddəs!
Haqqın nərəsidi hayqırdığı səs ,
Qopunca daş üstə, bir daş da qalmaz!

Qorqud köynəyindən qopuzla çıxıb,
Turandan boy verib, Göytürkdən doğub,
Kür ilə qaynayıb, Arazla axıb,
Təbriz , İrəvandan aralı qalmaz!

Ayı, ulduzudu yolunun nuru,
Üçrəngli bayraqdı, rəmzi, qüruru,
Tarix yaddaşında uludan ulu,
Odlar diyarından cənnət yer olmaz!


BİR ÜMİD ÜSTÜNDƏ

Bu bahar da dönür səsiz-sədasız,
Müjdəyə qaranquş nəğməsi də yox.
Ehh...neçə illərdi yol ayrıcında,
Bir ümid üstündə gözləyən nə çox...

Fəsillər dəyişir, illər dəyişir,
Dəyişmir həsrətin qanlı libası.
Yurdda haray salır odsuz ocaqlar,
Burda kilidlərin közərir pası.

Hanı o əvvəlki günlər, hardadı?
Baharın nəfəsi gül ətri saçmır,
Yolub saçlarını salxım söyüdlər,
Kolların dibində bənövşə açmır.

Köksündən qan verir xal-xal yaralar,
Əyib vüqarını dağlar dağın da.
Ağrısı, acısı, sızısı kəsmir,
Torpağın sinəsi yad tapdağında,

Çözülmədi ağ dərdlərin düyünü,
Gecələrin qarasına ilişdi.
Vətənin nisgili, ayrılıq yükü,
Ömür karvanında ən ağır köçdü.

XATİRƏLƏRİ

Pərən-pərən olub, dağınıq düşüb,
Yığmağa gedirəm xatirələri.
Ömür qaçaqaçda, zaman tələsir,
Qorxuram itirəm xatirələri.

Qarşımda dumanlı yollar görünür,
Cığırlar, dolaylar çənə bürünür,
İzimlə bir qara kölgə sürünür,
Qoymayır gətirəm xatirələri.

Ruzigar döydükcə çırpınır ürək,
Oyanıb arzular səslənir tək-tək,
Cavabsız bir məktub, soluxmuş çiçək...
Susmayır yatıram xatirələri...

Yenə sual dolu, yenə o baxış,
Yenə qara bulud, yenə sel, yağış,
Sevgi ahındanmı yağdı bu qarğış?
Sel, suya qatıram xatirələri.

Darıxır xəyalım gün sorağında,
Xatirə söz çatıb dərd ocağında
Hallanıb bu axşam qəm qucağında,
Atıram, tuturam xatirələri.

ADAMIYAM

Nə qədər başımdan günah töksə də,
Bu qara dünyanın ağ adamıyam.
Qayalar üstündən boy verib köküm,
Əyilib qopmaram, dağ adamıyam.

Mələklər gətirən xırdaca payam,
Bir ovuc torpağam, bir ovuc suyam,
Ömür nə verdi ki, dadından doyam?
Ağrıya, acıya tox adamıyam.

Səpdiyi hər dərdi dənlədim tək-tək,
Çevrəmdə dördnala at çapdı fələk,
Əcəli, ölümü nəyimə gərək,
Əzrayıl əlində sağ adamıyam.

Bir qərib köşədə qəbrim qazılı,
Ünvanım yazılı, adım yazılı
Xatirə, var-dövlət dünyanın malı,
Mən haqq yolçusuyam, haqq adamıyam.



DEYƏ

Uçan quşlardan da soruşdum səni,
Bəlkə sorağını alaram deyə.
İlk bahar müjdəli qaranquş.kimi,
Köç edib ömründə qalaram deyə.

Gecikən yazının açan çiçəyi,
İtən ümidlərin dönən gerçəyi,
Bir səhər oyadıb arzu-diləyi,
Dünyana səs-səda salaram deyə.

Günlərin birində əlini sıxıb,
İlk eşqin gözüylə gözünə baxıb,
Sərxoş xəyalların qoynundan çıxıb,
Ayıq görüşünə gələrəm deyə.

Gecənin odundan ələnmək üçün,
İsti nəfəsinə bələnmək üçün,
Bir ovuc sevdandan dilənmək üçün,
Əl açıb əfv, imdad dilərəm deyə.

Səhradan yol azıb, dərya-dənizlə,
Xatirə iz salar saldığın izlə,
Desən, gəlişimlə əcəli gözlə,
Qorxuram sevincdən ölərəm deyə.

ÖLDÜR MƏNİ

Susdurub lal etmə, Tanrım, dara çək ,
Qələmin sehrindən as öldür məni.
Yalanı boynuma dolamaqdansa,
Haqqa qurban elə, kəs öldür məni.

Əymə sevincimi, kədəri dəyiş,
Köhlənim yol üstə yəhəri dəyiş,
Alnıma yazılan qədəri dəyiş,
Əyməmiş bir tənə söz , öldür məni.

Nurundan yarat ki, ziyam sönməsin,
Qanad ver ruhuma, göydən enməsin,
Yanım ulduz-ulduz odum senməsin,
Birindən min elə yüz öldür məni.

Ək-biç, torpağının boz şumuna qat,
Bir sevda quluyam , öz eşqinə sat,
Dərin dəryaların qucağına at ,
Günahı boynuma yaz, öldür məni.

Tökülür ömrümün xəzəl illəri,
Tufansız ötüşmür payız yelləri,
Qıyma Xatirəyə özgə əllləri,
Baxma ah - naləmə, döz ,öldür məni.



BU GECƏ


Nur ələdin, ayüzlüm, zülmətimə bu gecə,
Nəfəsinlə baş qoydum cənnətimə bu gecə.

Gözlərimin önündə rəqs etdikcə xəyalın,
Uçdu can qəfəsindən, surətinə, bu gecə.

Bax, röyanın vüsalı çəkdi məni qoynuna,
Uyudum lal sevdanın mürvətinə, bu gecə.

Qibləyə döndüm görcək, tapşıram sənə canı,
Mələklər yolum kəsdi hörmətinə, bu gecə.

Səcdəsinə əl açıb, üz sürtdüm ayağına,
Şükr eylədim Tanrının qismətinə, bu gecə.

Ay Xatirə, Ay doğdu Zöhrə üzün gülüncə,
Bir şirin layla çaldı həsrətinə, bu gecə.




XƏBƏRSİZƏM


İlahi, mən hardayam?
Özümdən xəbərsizəm.
Ömür yollarım daşlı,
İzimdən xəbərsizəm.

Bəs, doğmam, yadım hanı,
Ünvanım ,adım hanı,
Ocağım, odum hanı?
Közümdən xəbərsizəm.

Bəlkə elə göydəyəm,
Yerlər eşitmir, bəyəm?
Ruhuma layla deyən,
Sözümdən xəbərsizəm.

Simlərimi qırılıb,
Köynəyimi cırılıb,
Dərd-qəməmi sarılıb?
Sazımdan xəbərsizəm.

Gözlədiyim o mələk,
Gec-tez bir gün gələcək.,
Ölüm adlı tək gerçək,
Düzümdən xəbərsizəm.

ƏTRİ VAR

Meh oynayır, üzü gülür dağların,
Nəfəsində güllü yazın ətri var.
Lalələrin köynəyinə qan dəyib,
Xallarında telli sazın ətri var.

Qara duman dərələrin üstə şal,
Çəməni al, çiçəyi al, gülü al,
Qonçələrin dodağından axır bal,
Qaymağında tər nərgizin ətri var.

Mey badəsi qantəpərin gözündə,
Şamlar yanır bənövşənin közündə,
Kəlağayın, qız zanbağın üzündə,
Gözəlliyin, işvə-nazın ətri var.

Quruyubdui buludların göz yaşı ,
Kiriyibdi süsənlərin savaşı,
Şəlalələr qayaların nəqqaşı,
Boyasında göy dənizin ətri var.

Dəli çaylar qəm batırır lilində,
Nəğmə gəzir çeşmələrin selində,
Ay Xatirə, bu dağların gülündə,
Deyilməmiş neçə sözün ətri var.


DƏRDİ

Daş deyiləm, oyuq açma,
Sinəmdədi Göyçə dərdi.
Şah dərdimin qucağında
Oxşayıram neçə dərdi.

Kökdən düşən sazıma bax
Qaranquşsuz yazıma bax.
Bölünən Arazıma bax
Ayırmışam haça dərdi.

Əsir olan el-obanın,
Doğma ocaq, yurd-yuvanın,
Dərələyəz , Ağbabanın,
Çiynimdədi qoca dərdi.

Bir canım var bölük-bölük,
Zəngəzurum, Dərbənd ,Kərkük.
Borçalımın boynu bükük,
Gündüzümün gecə dərdi.

Günəş üzün bulud alıb,
Tərlan yurdum sara qalıb.
Kəfəni boynuma salıb,
Necə çəkim,necə dərdi?



GƏTİR, GƏL

Şəmsi Qoca, dağ dərdini dağ anlar,
Dərdləşməyə qara sazı, götür gəl.
Çəkdiyin ah köz-köz olub sinəmdə,
Ağrıları, acıları itir, gəl.

Nizamımız əzəl gündən pozuldu,
Xanamıza qara güllər düzüldü,
Əllərimiz ana yurddan üzüldü,
Durnaları qatar-qatar ötür, gəl.

Çiçək ətri, çəmən ətri sözündə,
Kök ocaqsan, odun, qorun közündə,
Sellər, sular yarğan açdı izində,
Ayrılığın yanğısını bitir, gəl.

Saza çevir qələminin dilini,
Bük yarana qantəpərin gülünü,
Boynubükük bənövşənin əlini,
Həsrət çəkən könüllərə yetir, gəl.

Nisgilindən gül üstə şeh salmısan,
Qızılgülün qadasını almısan,
Dağlar oğlu, dağdan uca olmusan,
Təpələri çən- dumana batır, gəl.

Xatirənin həsrətini kəm eylə,
Zilə çəkmə, bu nəğməni bəm eylə,
Arpa gölü, Göyçə gölü cəm eylə,
Müjdəsini bir “Cəngi” də gətir, gəl.






Seçilən
64
aia.az

1Mənbələr