AZ

Prezidentin müsahibəsi aydın və ünvanlı mesajlarla yadda qaldı - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Prezidentinin yerli televiziya kanallarına verdiyi müsahibə, əslində, təkcə daxili auditoriyaya ünvanlanmış çıxış deyildi. Bu müsahibə ABŞ–Azərbaycan münasibətlərinin dünəni, bu günü və perspektivləri fonunda oxunmalı olan ciddi siyasi mesajlar toplusu idi. Xüsusilə 907-ci düzəliş mövzusu və Vaşinqtonun regiona yanaşması bu kontekstdə açıq şəkildə diqqətə çatdırıldı".

Bunu Hafta.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert əlavə edib ki, 907-ci düzəliş ABŞ-ın əvvəlki hakimiyyətlərinin Cənubi Qafqaz siyasətində yol verdiyi ən böyük siyasi ədalətsizliklərdən biri kimi tarixə düşüb:

"Ermənistanın Azərbaycana qarşı açıq işğal siyasəti fonunda məhz Bakıya qarşı sanksiya xarakterli düzəlişin tətbiqi Vaşinqtonun həmin dövrdə erməni lobbisinin təsiri altında hərəkət etdiyini göstərirdi. Bu düzəliş illərlə ABŞ–Azərbaycan münasibətlərində süni gərginlik yaradan əsas faktorlardan biri olub. Prezident İlham Əliyevin müsahibədə bu məsələyə toxunması bir daha onu göstərdi ki, Azərbaycan bu mövzunu unutmur və unuda da bilməz. Çünki söhbət təkcə hüquqi sənəddən yox, ədalətli münasibətdən və bərabər tərəfdaşlıq prinsipindən gedir".

B.Quliyev qeyd edib ki, son dövrlərdə ABŞ-da siyasi ritorikanın dəyişməsi, xüsusilə D.Trampın liderlik etdiyi siyasi xətt Azərbaycanla münasibətlərdə daha praqmatik və realist yanaşmanın mümkünlüyünü ortaya qoyub:

"Tramp administrasiyası dövründə 907-ci düzəliş faktiki olaraq funksionallığını itirmiş, ABŞ–Azərbaycan əməkdaşlığı təhlükəsizlik və enerji sahələrində daha rasional müstəviyə keçmişdi.
Tramp–İlham Əliyev münasibətləri şəxsi etimada və qarşılıqlı maraqlara əsaslanan əlaqə modeli kimi diqqət çəkir. Bu münasibətlərdə ideoloji təzyiqlərdən daha çox, konkret nəticələr və qarşılıqlı fayda ön plana çıxır. Prezidentin müsahibəsində verilən mesajlardan biri də məhz bu idi ki, Azərbaycan üçün etibarlı tərəfdaş sözlə yox, əməli addımlarla tanınır".

Siyasi ekspert vurğulayıb ki, Zəngəzur yolunun açılması məsələsi Prezidentin müsahibəsində birbaşa və dolayısı ilə regional əməkdaşlığın açar elementi kimi təqdim olundu. Onun sözlərinə görə, bu kontekstdə Trampın regionda kommunikasiyaların açılmasına verdiyi dəstək və təşəbbüskar mövqeyi xüsusi əhəmiyyət daşıyır:

"Zəngəzur yolu təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və daha geniş coğrafiya üçün iqtisadi və geosiyasi imkanlar yaradan layihədir. Trampın yanaşması bu məsələdə də praqmatik, regional əlaqələrin açılması münaqişə yox, əməkdaşlıq yaradır. Bu baxış Prezident İlham Əliyevin uzun illərdir irəli sürdüyü konsepsiya ilə tam üst-üstə düşür. Müsahibədə verilən mesaj aydındır ki, Zəngəzur yolu revanşizmə yox, inkişaf və sabitliyə xidmət edir. ABŞ-ın əvvəlki administrasiyalarının yol verdiyi səhvlərə incə, amma aydın işarə olmaqla yanaşı, Tramp dövründə formalaşan daha sağlam münasibət modelinə açıq mesajdır. Azərbaycan göstərir ki, qərəzli sənədlər və köhnə yanaşmalarla yox, qarşılıqlı hörmət və real təşəbbüslərlə əməkdaşlıq mümkündür. 907-ci düzəliş keçmişin yüküdür, Tramp–İlham Əliyev xətti isə münasibətlərin gələcəkdə hansı məcrada inkişaf edə biləcəyinin real nümunəsidir. Zəngəzur yolu isə bu gələcəyin iqtisadi və siyasi xəritədə konkret ifadəsidir".

Tahirə Qafarlı

Seçilən
65
hafta.az

1Mənbələr