Lənkəranda 2 mərtəbəli evdə yanğın olub.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə səhər saat 6-7 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus ikimərtəbəli 8 otaqlı evdə başlanan yanğın bir anda ətrafa yayılıb. Dərhal hadisə yerinə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə yanğın söndürülüb. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb.
Ev sahibi deyir ki, yanğın baş verən zaman 5 nəfər ailə üzvləri ilə Bakı şəhərində olublar. Yaxınları onlara zəng edərək evlərinin yandığını deyib. Bakıdan evlərinə qayıdan ailə evə baxış keçirən zaman bəzi əşyaların olmadığını görüblər.
Ev sahibi iddia edir ki, evdə oğurluq olub, hətta oğurluq edənlər mətbəxtdə mürəbbə yeyib sonra evə od vurublar.
Vaxtında görülən tədbirlər nəticəsində evin tam yanmasının qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirib ki, yanvar ayının 6-da Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi, daha sonra həmin ünvanda yanğın hadisəsinin baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Hazırda həmin müraciət üzrə Lənkəran şəhər rayon polis şöbəsində müvafiq araşdırma aparılır.
Qeyd edək ki, ev sahibinə təqribən 30 min manata yaxın ziyan dəyib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Sara