"Qarabağ”ın azarkeşləri artıq rahat nəfəs ala bilər. Ağdamlılar Çempionlar Liqasında “Napoli” ilə səfər oyununun ardından Marko Yankoviçin komandadan gedəcəyi ilə bağlı başlayan söz-söhbətə artıq son qoyulub.
"Football-plus.az" xəbər verir ki, 30 yaşlı monteneqrolu yarımmüdafiəçinin “Mozzart Sport”a verdiyi geniş müsahibəni oxuyanda da bunu görmək mümkündü.
- "Qarabağ" sizin üçün ən yaxşı karyera seçimidi?
- Mən buna qarşılıqlı əlaqə baxımından yanaşıram. Oyunçuların keyfiyyəti və məşqçinin ideyaları bir-birinə uyğun gəlməlidi ki, ümumi mənzərə ortaya çıxsın, hansısa futbolçu ön planda görünsün. Dəfələrlə fenomenal oyunçuların müəyyən hallarda imkanlardan məhrum edilməsi, keyfiyyətlərini nümayiş etdirməməsi baş verib və bu müəyyən sistemlərin müəyyən bir oyunçu profilinə uyğun olmasının açıq bir əlamətidi. Amma heç şübhəsiz, mən "Qarabağ"da ən yaxşı oyunlarımı oynadım və ən yaxşı futbolumu göstərdim.
- “Qarabağ” Monteneqro millisində çıxışınız zamanı sizə “göz qoymuşdu”?
- Onlar milli komandadakı yoldaşım Marko Veşoviçi izləyirmişlər, məni də bəyəniblər. Marko dərhal mənə bu klubun nə qədər ciddi olduğunu dedi, amma bu artıq məlum idi. Komanda on il idi avrokuboklarda müntəzəm oynayırdı. Elit, rəqabətədavamlı futbola qayıtmaq üçün belə bir komandaya ehtiyacım var idi. Avropa Liqasında, Çempionlar Liqasında oynamaq, özü də ölkə çempionunun heyətində... Danışıqlar zamanı dərhal gördüm ki, bu insanlar sistemli işləyirlər, illərdi əməl etdikləri və nəticə verən ciddi bir planları, proqramları, prinsipləri var.
- "Partizan"dakı oyunlarınızı izləyənlər bəlkə də sizi bir qədər unudub. Həm Çempionlar Liqasının təsnifat mərhələsində, həm də başqa oyunlarda möhtəşəm uzun ötürmələr, cinaha ötürmələr verirsiz, qollarınızı, məhsuldar ötürmələrinizi görmüşük. On il sonra yenə də keyfiyyətli futbol oynayırsız.
- Məni bir qədər unudanlar və ya məni olduğu kimi xatırlayanlar üçün deyim ki, bu gün tam fərqlidi, çünki son beş ildə fərqli mövqedə oynayıram. Mən cinah yarımmüdafiəçisi və ya yarımmüdafiəçi deyiləm, sadəcə, dayaq yarımmüdafiəçi mövqeyində oynayıram. Həmçinin müdafiə keyfiyyətlərim var, hücumlara da qatılıram. Bu, futbolda tipik mövqe dəyişikliyi deyil.
- Çempionlar Liqasının püşkatmasında “Qarabağ”ın bəxtinə"Benfika", "Kopenhagen", "Atletik", "Çelsi", "Napoli", "Ayaks", "Ayntraxt" və "Liverpul" düşdü. Püşkatma ilə bağlı təəssüratınız necə idi?
- Çoxdan bu nəticəyə gətirib çıxaran sistemli işimiz və düşüncə tərzimiz olmasaydı, indi xal toplaya və bu söhbətləri edə bilməzdik. Məşqçimiz kiminlə oynamağımızdan asılı olmayaraq, eyni üsluba, eyni düzülüşə - açıq, hücumda oynadığımız taktikaya riayət edir. Məğlub olduğumuz zaman nadir hallarda tənqid olunuruq. Məhz buna can atırıq. Ona görə də bu il nəticə əldə etməsək, gələn il əldə etməsək, üç, beş və ya yeddi ildən sonra mümkün olacaq. Qurban Qurbanovun fəlsəfəsi budu. O, 17 ildi komandaya rəhbərlik edir, 11 dəfə titul qazanıb, eyni sayda Avropa yarışlarında oynayıb. Və indi “Qarabağ”ın büdcəsi Çempionlar Liqasının digər iştirakçıları ilə müqayisə oluna bilməsə də, böyük klublardan xallar alır.
- Dəqiq desək, “transfermarkt”a görə, "Qarabağ"ın bazar dəyəri bu komandanı Çempionlar Liqasındakı 36 iştirakçı arasında 35-ci yerdə qoyur.
- “Transfermarkt” yanlış mənbədi, adətən, yerli liqalara əsasən oyunçulara dəyər verir. Buna görə də “transfermarkt”dakı bir çox oyunçu bizimkindən daha bahadı, amma praktikada belə deyil və bir çoxu bizdən yaxşı deyil. Onların futbolçunu dəyərləndirərkən liqaya əsaslanması səhvdi, çünki illərdi Avropada yaxşı nəticələr göstərirsizsə, nəticələr əldə edirsizsə, buna əsasən qiymətləndirilməyiniz məntiqlidi. Amma burda, bütün bu Çempionlar Liqasındakı oyunlardan sonra “transfermarkt”dakı dəyərim cəmi 100 min avro artıb (gülür).
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta