
"Prezidentin çıxışı belə bir ehtimalı gündəmə gətirir ki, bu il müəyyən konstitusiya dəyişikliyi, struktur islahatları ilə bağlı qərarların verilməsi ili ola bilər".
AFN.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına verdiyi müsahibədəki fikirlərinə münasibət bildirərkən deyib.
Natiq Cəfərli əlavə edib ki, Azərbaycanda struktur islahatları ilə bağlı çoxdandır müzakirələr gedir:
"Prezidentin 5 yanvar çıxışında bununla bağlı müəyyən ipucları var. Dövlət başçısının söylədiklərini nəzərə alsaq, ola bilər ki, yaxın gələcəkdə struktur islahatları ilə bağlı müəyyən qərarlar qəbul olunsun. Bununla da yerli icra hakimiyyətləri institutları ləğv oluna, əvəzində Prezidentin şəxsi nümayəndəlik institutunun səlahiyyətləri daha da genişləndirilə bilər".
Natiq Cəfərli bunun üçün konstitusiya dəyişikliklərinə ehtiyac olduğunu qeyd edib:
"Ola bilər ki, bu il konstitusiya dəyişikliyi ilə bağlı hansısa qərarlar, müzakirələr açılsın. Fikrimcə, bu, çox vacibdir. Çünki bu tək icra strukturları, icra hakimiyyətləri institutunun ləğvi ilə bağlı deyil, başqa sahələrdə də konstitusion islahatlara ehtiyac var ki, Azərbaycanın qarşısında duran məsələlərin həlli sürətlənsin".
Natiq Cəfərli vurğulayıb ki, iqtisadi-sosial məsələlərin bir qismi idarəetmə ilə bağlı problemlərlə əlaqədardır.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu, operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.