Bakı, 6 yanvar, AZƏRTAC
ABŞ-ın Venesueladakı əməliyyatı Yer kürəsinin hər bir vətəndaşında 2026-cı ilin ilk günlərində şok effekti yaratsa da enerji qiymətlərində ciddi bir dəyişikliyə gətirib çıxartmadı. Venesuela qısa zaman kəsiyində hasilatı artıra bilməyəcək. Çünki ABŞ-ın illərlə Venesuelaya tətbiq etdiyi sanksiyalar nəticəsində bu ölkənin neft sənayesində texnoloji gerilik, səmərəsiz idarəetmə onun qlobal neft bazarına təsirlərini məhdudlaşdırmışdı.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib.
Onun sözlərinə görə, daha çox ehtimal ondan ibarətdir ki, ABŞ-ın Venesuela hakimiyyətini dəyişdirməsi nəticəsində onun rəsmi Karakasa siyasi yanaşması mülayimləşərək sanksiyaların ortadan qalxması ilə nəticələnə bilər ki, bu da Venesuelanın neft ixracının ən yaxşı halda sutkalıq 200 min barel artaraq embarqodan əvvəlki 900 min barelə çatmasına imkan verəcək.
“Bu həcm dünya enerji bazarında hər hansı bir ciddi qiymət dəyişikliyinə səbəb ola bilməz. Əksinə daha çox ehtimal olunan ssenari ondan ibarədir ki, qeyri-stabillik fonunda təchizat zəncirində ləngimə və qırılma riski daha da artır. Venesuelada neft hasilatı 2015-ci ildə kəskin azalmışdı. Bu investisiyaların çökməsini və infrastrukturun köhnəlməsini əks etdirir. Son dövrlərdə qoyulan vəsait isə, hətta, mövcud hasilat səviyyəsini saxlamaq üçün tələb olunan həddən xeyli aşağı olub. Hasilatın hər hansı əhəmiyyətli bərpası böyük həcmdə kapital qoyuluşları və uzunmüddətli işlənmə vaxtı tələb edir. Bu isə o deməkdir ki, əlverişli şəraitdə belə hasilatın artımı üçün on illər lazımdır”.