AZ

Sosial siyasətin dərinləşməsi Azərbaycanın prioritetlərindəndir - RƏY

Sosial siyasətin dərinləşməsi və sosial istiqamətə daha çox vəsait ayrılması Azərbaycanın prioritetlərindəndir. 2026-cı ilin dövlət büdcəsində də bunun əlaməti kimi sosial sahəyə 17,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Aznews.az xəbər verir ki, Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsini şərh edərkən deyib.

"Ölkə başçısının da qeyd etdiyi kimi, 2026-cı ildə sosial sahəyə ayrılan vəsait ümumi büdcə xərclərinin 41 faizindən çoxdur. Bu isə o deməkdir ki, Azərbaycanda 2026-cı ildə də sosial təminat tədbirləri genişlənəcək. 2025-ci ildə orta aylıq əməkhaqqı artım faizinə uyğun olaraq pensiyaların artıq bu aydan etibarən 9.2 faiz indeksləşdirilərək artırılması nəzərdə tutulub. Bu, 1 milyon 100 min vətəndaşı əhatə edəcək".

Vüqar Bayramov xatırladıb ki, ötən il həyata keçirilən sosial siyasət üç milyondan çox vətəndaşa şamil olundu:

"Sosial paket praktik olaraq həm əməkhaqqı, həm pensiya və sosial müavinət, həm də təqaüdlərdə artımlarla müşahidə olundu. Təbii ki, Azərbaycanın iqtisadi gücü, valyuta ehtiyatları çoxaldıqca sosial istiqamətə daha çox vəsait ayrılır. Son illər beş sosial paketin icrası da məhz bundan xəbər verir.

Azərbaycanın valyuta ehtiyatlarında artımlar müşahidə olunub. İqtisadi yüksəliş həm də valyuta ehtiyatlarının investisiya və yerləşdirilməsində çevik alətlərdən daha çox istifadə edilməsi ilə bağlıdır. Bu da nəticə etibarilə fiskal xərcləmələrin dayanıqlığına təsir göstərir, sosial istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradır.

Gözlənti ondan ibarətdir ki, 2026 və növbəti illərdə sosial sferaya dövlət büdcəsi vasitəsilə daha çox vəsait ayrılacaq. Bu özünü əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımında ehtiva edəcək. Nəticədə, Azərbaycanda həyata keçirilən siyasətin ana xətti sosial müdafiə tədbirlərinin daha çox dəstəklənməsi və sosial təminatın güclənməsidir".

Xatırladaq ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində hazırda insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasətin daha dəqiq aparıldığını deyib:

Seçilən
58
1
aznews.az

2Mənbələr