Bakı, 6 yanvar, AZƏRTAC
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağından hasil edilən təbii qazın Türkiyəyə nəqli ilə bağlı müqavilənin imzalanması Azərbaycan üçün iqtisadi sığorta rolunu oynayacaq.
Bu fikri AZƏRTAC-a açıqlaması zamanı beynəlxalq idarəetmə sistemləri üzrə ekspert Asif İbrahimov bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut edir.
“Bilirsiniz ki, Azərbaycanın Türkiyə üzərindən keçən TANAP layihəsi ilə Avropaya qaz nəqlini həyata keçirtmək öhdəliyi mövcuddur və belə layihələr davam etməkdədir. Bu müqavilə Azərbaycan üçün, eyni zamanda geosiyasi və güclü iqtisadi tərəfdaşlıq deməkdir. 2026−2030-cu ildə dünyada baş verən iqtisadi, siyasi proseslər bir sıra sahələrdə böhran olacağını proqnozlaşdırmağa imkan verir. Məsələn, dünyada neft qiymətlərinin aşağı düşəcəyi ilə bağlı proqnozlar veririk. Azərbaycan büdcəsinin xeyli hissəsi neft gəlirləri hesabına formalaşdığı üçün müəyyən mənada təhdidlər, risklər ortaya çıxır. Bu baxımdan bu müqavilə 10 illər boyu proqnozlaşdırılan gəlir deməkdir”, - deyə ekspert vurğulayıb.
Xatıqladaq ki, bir neçə gün öncə Türkiyə ilə Azərbaycan arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağından hasil edilən təbii qaz tədarükünə dair ümumi həcmi 33 milyard kubmetr olan yeni uzunmüddətli müqavilə imzalanıb.