AZ

Rüfət Əliyev: İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı turistlərin ilk marşrutunun əsas nöqtələridir

Bakı, 6 yanvar, Günel Alıyeva, AZƏRTAC

İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı ölkəmizə üz tutan turistlərin görmək istədiyi ilk məkanlardı. Lakin paytaxtın qonaqlarını daha çox konkret bir abidə deyil, Bakı memarlığının heyrətamiz çoxqatlılığı təsirləndirir. Belə ki, bir neçə məhəllə daxilində burada zərdüştiliyin izlərini, orta əsr İslamını, fars və Osmanlı təsirlərini, daha sonra isə XIX əsrin sonlarına aid Avropa modernini görmək mümkündür.

Bunu AZƏRTAC-a Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin üzvü, turizmin inkişafı üzrə milli təlimçi, akkreditə olunmuş bələdçi Rüfət Əliyev deyib.

Onun sözlərinə görə, ekskursiyaya demək olar ki, həmişə İçərişəhərdən başlayır, çünki Bakının genetik kodu məhz orada formalaşıb.

“İçərişəhər onunla təəccübləndirir ki, bura açıq səma altında muzey deyil, insanların həqiqətən yaşadığı canlı bir məkandır və Köhnə şəhərin xüsusi enerjisi də məhz bundadır”, - deyə o qeyd edib.

Bələdçi vurğulayıb ki, paytaxtın simasını anlamaq üçün turistlərə təkcə orta əsr Şərqini deyil, həm də neft sənayesinin sürətlə inkişaf etdiyi dövrə aid sənaye və Avropa Bakısını göstərmək vacibdir.

“Mən mütləq XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid neft memarlığını göstərirəm. Buraya neft sənayeçilərinin malikanələri, Nizami prospekti ətrafındakı küçələr, eklektika və Bakı moderni üslubunda tikilmiş binalar daxildir. Orta əsr Şərqi ilə sənaye Avropa Bakısının bu vəhdəti şəhərin niyə məhz belə göründüyünü və onun hər zaman mədəniyyətlər arasında körpü olmasının səbəbini ən yaxşı şəkildə izah edir”, - deyə R. Əliyev bildirib.

Onun fikrincə, dəyəri yetərincə qiymətləndirilməyən məkanlar sırasında eyvanlı və daxili palazzo tipli köhnə Bakı həyətləri, turizm mərkəzindən kənarda yerləşən məscidlər və karvansaralar, eləcə də şəhər ətrafındakı qəsəbələr, o cümlədən Mərdəkan və Abşeronun digər qalaları var. Bu məkanlar hər zaman cəlbedici vizual görüntüyə malik olmasa da, bələdçinin sözlərinə görə, məhz onlar turistlərə parıltısız, gündəlik həyatı ilə əsl Bakını hiss etməyə imkan verir.

Paytaxtın vizit kartı ilə bağlı suala cavab verən R.Əliyev Bakının müqəddəs alov və enerji şəhəri kimi tarixini qeyd edib. O, qədim inanclardan və təbii alovlardan başlayaraq neft “bum”una və müasir enerji paytaxtı statusunadək uzanan tarixi xüsusi qeyd edib.

“Turist başa düşəndə ki, od burada metafora deyil, torpaq, neft, qaz və inanclarla bağlı real tarixi hadisədir, şəhər haqqında bütöv təsəvvür formalaşır”, - deyə o bildirib.

Bələdçinin fikrincə, bu gün XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid köhnə yaşayış tikililərinin qorunması xüsusi diqqət tələb edir. Burada söhbət təkcə parad fasadlardan deyil, çox vaxt diqqətdən kənarda qalan pilləkənlərdən, həyətlərdən, eyvanlardan və şəhərin canlı yaddaşını saxlayan daxili məkanlardan gedir.

“Çox vaxt bina sökülməsi ilə bağlı qərar qəbul edilərkən yalnız memarlıq dəyərinə diqqət yetirilir. Halbuki insanların və bütöv dövrlərin tarixini qoruyub saxlayan xeyli bina mövcuddur”, - deyə müsahibimiz bildirib.

 

Seçilən
87
azertag.az

1Mənbələr