AZ

ABŞ-nin əməliyyatı “təhdid mədəniyyəti”nin göstəricisidir -ŞƏRH

"Amerika Birləşmiş Ştatları Venesuela Prezidenti Nikolas Maduroya və onun həyat yoldaşına qarşı əməliyyat həyata keçirərək onları qaçırmışdır. Bu, əslində beynəlxalq hüquq baxımından cinayət hesab olunur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi İsmail Cingöz bildirdi.

"Hazırda bu məsələnin Amerika Birləşmiş Ştatlarının güclü mövqedə olması səbəbindən, başda Birləşmiş Millətlər Təşkilatı olmaqla bir çox ölkənin susqun qalmasının nəticəsi kimi dəyərləndirilməsi mümkündür. ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi bu əməliyyatdan öncə Venesuela siyasi dairələri, silahlı qüvvələri, təhlükəsizlik strukturları və Maduroya ən yaxın mühafizəçilər də daxil olmaqla genişmiqyaslı kəşfiyyat işi apardığı aydın olur. Çünki heç bir müqavimətlə rastlaşmadan, səssiz şəkildə Maduronun yataq otağına qədər irəliləyə bilməsi bunun ən bariz göstəricisidir. ABŞ-nin Maduro üzərindən həyata keçirdiyi bu Venesuela əməliyyatı, başda Çin olmaqla, ABŞ ilə rəqabət aparan və Amerika ilə zidd mövqedə olan İran və Kuba kimi ölkələrə də açıq mesaj xarakteri daşıyır. Lakin ABŞ-nin bu əməliyyatına Çin, İran və Kuba tərəfindən necə bir reaksiya veriləcəyini yalnız zaman göstərəcək. Oradakı xalqların,  yəni Çin, İran və Kuba xalqlarının  Venesuela xalqı kimi susqun qalacaqları, yoxsa liderlərini son ana qədər qorumaq üçün müqavimət göstərəcəkləri hələlik məlum deyil. Bunu zaman göstərəcək. Ancaq bu hadisə “təhdid mədəniyyəti” formasında artıq siyasi ədəbiyyata daxil olub", - deyə o, əlavə etdi. 

Politoloq qeyd etdi ki, güclü dövlətlərin özləri ilə zidd mövqedə olan ölkələrə qarşı bu cür əməliyyatlar həyata keçirə bilməsinin mümkünlüyü ABŞ və Venesuela nümunəsində açıq şəkildə göstərilib:

"Bu isə beynəlxalq təhlükəsizlik baxımından olduqca təhlükəli bir vəziyyətdir. Birləşmiş Millətlər Təşkilatının ABŞ-yə qarşı bu mövzuda sərt mövqe nümayiş etdirməməsi bu cür hallara yol açıb. Əgər BMT başda olmaqla Rusiya və Çin ABŞ-yə qarşı sərt reaksiya göstərib, əməli fəaliyyətlə qarşılıq versəydilər, Amerika bu cür bir əməliyyata cəsarət edə bilməzdi. Digər tərəfdən, əgər ABŞ bu əməliyyatda uğursuz olsaydı, Tramp və onun administrasiyası beynəlxalq hüquq baxımından cinayətkar elan olunmaq təhlükəsi ilə üz-üzə qalacaqdı. Yəni güclünün zəifi əzə bildiyi, güclü dövlətlərin kasıb ölkələrin zənginliklərini və yeraltı sərvətlərini istismar etməsi üçün belə bir vəziyyət siyasi ədəbiyyata daxil edilib. Bu da təbii olaraq Çin, İran, Kuba və ABŞ ilə zidd mövqedə olduğu düşünülən digər ölkələri müəyyən tədbirlər görməyə sövq edəcək. İlk növbədə dövlət başçıları, rəhbər şəxslər öz mühafizələrini, təhlükəsizlik və silahlı qüvvələrini yenidən nəzərdən keçirəcək və siyasi strukturlarda kimin xəyanət edə biləcəyi ilə bağlı ciddi qiymətləndirmələr aparılacaq".

Müsahibimizin fikrincə, gələcək mərhələdə Venesuela rəhbərliyinin ölkənin zənginliklərini — başda neft, qızıl və digər qiymətli elementlər və faydalı qazıntılar olmaqla Amerika ilə paylaşmağa razılıq verməsi halında, Maduro və onun həyat yoldaşının guya məhkəmə prosesində bəraət alaraq yenidən hakimiyyətə qaytarılması da mümkün ola bilər:

"Əks halda, Venesuelada Amerikaya tabe olacaq kukla bir hökumətin qurulması ehtimalı da mövcuddur. Əgər belə bir kukla hökumət formalaşdırmaq mümkün olmazsa, Venesuelada silahlı qarşıdurmaların baş verməsi gözləniləndir".

Xədicə BAXIŞLI 

Seçilən
95
redaktor.az

1Mənbələr