AZ

Kolumbiya prezidenti Trampın ittihamlarını “qocalıq təfəkkürünün” nəticəsi adlandırıb

Petro Vaşinqtonu acgözlükdə və özünü qanundan üstün tutmaqda ittiham edib...

Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampın onu narkotik ticarətində ittiham etməsini “qocalıq təfəkkürünün əksi” kimi qiymətləndirib.

Poliqon xəbər verir ki, Petro bu barədə X sosial şəbəkəsindəki paylaşımında yazıb.

“Trampın mənim üzərimə yapışdırdığı narkotik alverçisi damğası onun qocalıq təfəkkürünün əksidir”, deyə Kolumbiya lideri bildirib. Onun sözlərinə görə, ABŞ prezidentini dəstəkləyən seçicilər özlərini qanundan üstün tutan “acgöz insanlara” səs veriblər.

Qustavo Petro xatırladıb ki, yanvarın 5-də Donald Trampın Kolumbiyaya yönəlmiş hədələrinə cavab olaraq ölkəsini müdafiə etmək üçün silaha sarılmağa hazır olduğunu bəyan edib. Petro vurğulayıb ki, Ağ Ev rəhbəri onu Venesuela prezidenti Nikolas Maduronu ələ keçirdiyi kimi asanlıqla oğurlaya bilməz.

Qeyd edək ki, dekabrın 23-də Donald Tramp Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında çıxışı zamanı Kolumbiya rəhbərindən ölkədə narkotik istehsalının qarşısını almağı tələb edib. ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton Kolumbiyada kokain istehsal edilən üç iri mərkəzin yerini bilir və Qustavo Petronun “onları tez bir zamanda bağlaması daha yaxşı olar”.

Analitiklərin fikrincə, Tramp və Petro arasında ritorikanın bu qədər sərtləşməsi ABŞ–Kolumbiya münasibətlərində gərginliyin artdığını göstərir. Tərəflərin qarşılıqlı ittihamları regionda siyasi sabitliyə və təhlükəsizlik məsələlərinə də təsir göstərə biləcək risklər yaradır.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr