AZ

Xəstəxanada polisə müqavimət göstərən şəxs məhkəmə zalında həbs edildi

Gəncə Apellyasiya Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Əkbər Əkbərlinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Məhkəmənin qərarına əsasən, dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilib, Tərtər Rayon Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv olunub və iş üzrə yeni hökm çıxarılıb. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilinərək, ona 1 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Əkbər Əkbərli barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalında həbs olunub.


Qeyd: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə ittiham irəli sürülüb.


İttihama görə, hadisə 8 oktyabr 2024-cü il tarixdə saat 21:05 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasında baş verib.


Belə ki, rayon sakini, 1970-ci il təvəllüdlü Əkbər Əkbərlinin gəlini həmin gün saat 19:00 radələrində Tərtər şəhəri E.Səfərov küçəsində qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə gətirilib. Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə daxil olmuş məlumat əsasında hadisənin araşdırılması Tərtər Rayon Polis Şöbəsinin istintaq-əməliyyat qrupuna həvalə edilib. Qrupun həmin gün növbədə olmuş müstəntiqi, zərərçəkmiş Vasif Salayev (adı, soyadı şərtidir) xəsarət almış şəxsin vəziyyətini öyrənmək, hadisə ilə bağlı izahat almaq və digər prosessual hərəkətləri icra etmək məqsədilə xəstəxananın müayinə otağına daxil olmaq istəyib.


Bu zaman təqsirləndirilən şəxs müstəntiqin otağa daxil olmasına kobud şəkildə etiraz edib, onun dərhal oranı tərk etməsini tələb edib. Müstəntiq etik davranış qaydalarına riayət edərək müayinə otağını tərk etsə də, Acil şöbənin qeydiyyat hissəsində gözlədiyi vaxt Əkbər Əkbərli yenidən onun üzərinə gələrək əl-qol hərəkətləri edib və təhqiredici ifadələr işlədib. Polis əməkdaşı xidməti vəzifəsinin icrası ilə əlaqədar xəstəxanada olduğunu, yol-nəqliyyat hadisəsinin araşdırılmasının onun tərəfindən aparıldığını bildirərək hakimiyyət nümayəndəsinə qarşı hörmətsizliyə yol verilməməsini tələb edib. Lakin təqsirləndirilən şəxs daha da hiddətlənərək polis əməkdaşının şərəf və ləyaqətini alçaldan ifadələr işlədib və mübahisə yaradıb.


İttihama əsasən, Əkbər Əkbərli xidməti vəzifəsini icra edən polis əməkdaşına zor tətbiq edərək, sol əli ilə qəsdən vurmaqla onun sol xarici qulaq seyvanında sıyrıq xəsarətləri yetirib. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət kimi qiymətləndirilib.


Daha sonra Əkbər Əkbərli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Tərtər Rayon Məhkəməsi irəli sürülmüş ittiham üzrə Əkbər Əkbərlinin təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gələrək onun barəsində bəraət hökmü çıxarıb. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs isə apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin CM-in 315-ci maddəsi ilə təqsirli bilinməsini və barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahş etmişdirlər.

Kamal Məmmədov 

Tarix: 7 Yanvar 2026, 08:11   
Seçilən
66
pravda.az

1Mənbələr