Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduroya qarşı həyata keçirdiyi addımları “Karib dənizinin quldurları” filmi ilə müqayisə edib.
Xezerxeber.az xəbər verir ki, Bağçalı bu fikirləri partiyasının parlament fraksiyasının iclasında səsləndirib.
O bildirib ki, “Karib dənizinin quldurları” filmi ekranda və ya televiziyada izlənilən bir ssenari olduğu halda, bu gün oxşar hadisələr bütün dünyanın gözü qarşısında real şəkildə baş verir və “çəkiliş meydançası” Venesuelanın paytaxtı Karakasda qurulub.
Partiya sədrinin sözlərinə görə, ABŞ-nin Venesuela Prezidentinə qarşı atdığı addımlar açıq şəkildə qanunsuzdur və beynəlxalq hüquqa ziddir. Millət vəkilləri onun çıxışını alqışlarla qarşılayıblar.
MHP lideri vurğulayıb ki, qaydalara əsaslanan beynəlxalq nizam artıq ciddi böhran yaşayır və bu proses diplomatiya və dialoq kanallarına “ölümcül zərbə” vurur. O hesab edir ki, ABŞ-nin əsas məqsədi enerji daşıyıcılarının axınlarına nəzarət etmək, qiymətli metallar və mineralların, xüsusilə qızılın ticarətində üstünlük qazanmaq və Venesuelanın malik olduğu resursları ələ keçirməkdir.
Baxçalı ABŞ Konqresini vəziyyətə müdaxilə etməyə və Donald Trump administrasiyasının beynəlxalq hüququ pozan addımlarına son qoymağa çağırıb. Onun sözlərinə görə, Maduro Venesuelaya qaytarılmalı, ölkənin taleyi isə yalnız Venesuela xalqı tərəfindən müəyyənləşdirilməlidir.