İtaliyanın Baş naziri Corcia Meloni Romanın təhlükəsizlik təminatları çərçivəsində Ukraynaya hərbi kontingent göndərmək niyyətində olmadığını bəyan edib.
Editor.az xəbər verir ki, bu barədə məlumat “könüllülər koalisiyası” adlandırılan qrupun toplantısından sonra İtaliya hökumətinin rəsmi internet saytında dərc olunub.
Bəyanatda Corcia Meloninin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dəstəyini təsdiqlədiyi, lakin İtaliya hökumətinin bu məsələdə dəyişməz mövqeyini bir daha vurğuladığı qeyd olunub. Xüsusilə, İtaliya Silahlı Qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsinin istisna edildiyi bildirilib.
Sənəddə vurğulanır ki, koalisiya ölkələrinin mümkün çoxmillətli qüvvəyə qoşulması yalnız könüllülük prinsipi əsasında həyata keçirilə bilər. Eyni zamanda, qəbul edilən bəyanatda göstərildiyi kimi, Ukraynaya gələcək mümkün hücum halında dəstək qərarlarının müvafiq konstitusion prosedurlara uyğun qəbul edilməsi İtaliyanın dəfələrlə təsdiqlədiyi əsas prinsipləri əks etdirir.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Parisdə keçirilən “istəkli koalisiya” toplantısından sonra Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı məsələlərdə “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu açıqlamışdı. O, bu prosesin Kiyev üçün təhlükəsizlik zəmanətlərini və ölkənin iqtisadi rifahına dair planı da əhatə etdiyini bildirmiş, Ukrayna tərəfi ilə danışıqların davam etdiriləcəyini qeyd etmişdi.
//Gülnarə Abasova, Editor.az