AZ

“Milli mətbəx zəngindir, fast-fooda yox” – Ekspert

Yeni il bayramı günlərində Bakı küçələrində maraqlı mənzərə müşahidə olunub. “MacDonalds”, “KFC”, “Pizza Mizza”, “Pizza Hut City” və digər fast-food restoranlarının qarşısında uzun növbələr yaranıb. Valideynlər uşaqlarını səhərdən küçəyə çıxarıb, günorta saatlarında aclıq onları bu məkanlara yönəldib.

Doğru.az xəbər verir ki, qida sahəsi üzrə mütəxəssis Ağa Salamov bu tendensiyanı milli mətbəximizin unudulması ilə izah edir. Onun sözlərinə görə, Azərbaycan mədəniyyətində “fast-food” anlayışı yoxdur. Milli mətbəximiz “slow food” – yəni zəhmət tələb edən, ev yeməkləri üzərində qurulub.

“Fast-food yalnız obezitəyə səbəb olmur. Uşaqlarda ürək-damar və digər sağlamlıq problemləri yaradır. Amma əsas məsələ sağlamlıqdan da önəmli – milli dəyərlərdir. Uşaqlar milli mətbəximizin mənasını, tarixini və əhəmiyyətini bilməlidir. Təəssüf ki, valideynlərin çoxu uşaqlarına fast-food yedizdirir”, – Ağa Salamov bildirib.

Ekspert əlavə edib ki, milli yeməkləri küçə yeməkləri şəklində təqdim etmək mümkündür. Məsələn, Özbəkistanda plov sadə formada, amma milli kimliyini qoruyaraq satılır. Salamov deyir ki, Azərbaycanda da qutab, kükü, təndir çörəyi, ciyər-quyruq, lülə və tikə kabablar kimi çoxsaylı sağlam və faydalı yemək variantları turistlər üçün də maraqlı ola bilər.

“Milli mətbəximiz o qədər zəngindir ki, orada fast-fooda yer olmamalıdır. Bu yeməklər B12 vitamini və digər mikroelementlərlə zəngindir. Fast-food isə əsasən boş karbohidratdır. Həm də trans yağdan hazırlanır ki, ürəyə ziyan verir. Bizim milli mətbəximizdə isə trans yağ yoxdur, təbii heyvan mənşəli yağlar istifadə olunur”, – Ağa Salamov deyib.

O, həmçinin vurğulayıb ki, fast-food reklamlarının məhdudlaşdırılması və sahəyə ciddi nəzarət vacibdir:

“Biz zəngin milli dəyərlərə sahibik, amma fast-fooda üz tuturuq. Uşaqlar evdə gördükləri ilə formalaşır. Bu gün ‘modern’ nənələr və analar evdə yemək bişirmir, sifariş verir. Nəticədə uşaqların mədə-bağırsaq və ürək-damar problemləri artır. Dövlətin və ailənin maraqlarında milli mətbəx dayanır və biz bunu qorumalıyıq”, – ekspert bildirib.

Məlahət Rzayeva

DOĞRU.AZ 

Seçilən
62
3
dogru.az

4Mənbələr