Nazim Mustafayev 2015-ci il aprelin 30-da hərbi xidmətdən azad olunub. Hazırda ehtiyatda olan mayor kimi dövlət tərəfindən təqaüd alır.
Onun sözlərinə görə, ötən ilin oktyabrın 15-də müvafiq qurumun nümayəndəsi mənzilə gələrək, burada qeyri-qanuni yaşadığını bildirib və evi tərk etməsi tələb olunub.
Məsələ ilə bağlı Sumqayıt Məhkəməsinin qərarı ilə Nazim Mustafayev mülki şəxs kimi tanınıb.
Onun sözlərinə görə, Apellyasiya Məhkəməsinin qərarı absurddur. Belə ki, qərara əsasən, yalnız Nazim Mustafayev mənzildən çıxarılır, ailə üzvlərinin isə mənzildə qalmasına icazə verilir. Hazırda həmin qərar rəsmi şəkildə dərc olunmayıb və tərəf qərarın surətini gözləyir.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov sorğumuza cavab olaraq bildirdi ki, məsələyə dair dəqiq mövqenin açıqlanması üçün ikinci instansiya məhkəməsinin qərarının surəti təqdim olunmalıdır.

Hüquqşünas Rəşad Əliyevin sözlərinə görə, bu halın qanunvericiliyə uyğunluğu Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Hərbi qulluqçuların statusu haqqında” Qanun prizmasından qiymətləndirilməlidir:
“Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kəs məhkəmə qərarı olmadan əmlakından məhrum edilə bilməz. Dövlət tərəfindən verilmiş mənzil də, əgər qanuni əsasla şəxsin mülkiyyətinə keçmişdirsə, bu hüquqi qoruma altındadır. Dövlət orqanı həmin əmlakı özbaşına geri ala bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə görə, yaşayış sahəsinin alınması yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür. Bu hallar əsasən, mənzilin qanunsuz əldə edilməsi, sənədlərin saxtalaşdırılması, mülkiyyət hüququnun qanun pozuntusu ilə rəsmiləşdirilməsi və ya ictimai ehtiyaclar üçün məhkəmə qərarı əsasında özgəninkiləşdirməkdir. Qanuni əsaslar olmadan dövlətin verdiyi evi geri alması yolverilməzdir. Məsələyə xüsusi yanaşma “Hərbi qulluqçuların statusu haqqında” Qanun çərçivəsində tələb olunur. Əgər 1991-ci ildə verilmiş ev xidmət mənzili statusunda olubsa, bu halda hərbi qulluqçu ehtiyata və ya istefaya buraxıldıqdan, yaxud dövlət tərəfindən başqa yaşayış sahəsi ilə təmin edildikdən sonra həmin mənzili boşaltmaq öhdəliyi yarana bilər”.

O deyib ki, bu halda evin geri alınması hüquqi baxımdan əsaslı sayılır:
“Lakin əgər həmin ev müvafiq qərar əsasında şəxsin mülkiyyətinə verilmiş, çıxarış və ya digər hüquqtəsdiqedici sənədlərlə rəsmiləşdirilmişdirsə, bu zaman dövlətin evi geri tələb etməsi yalnız məhkəmə qaydasında və ciddi hüquqi əsaslar olduqda mümkündür. Sadəcə inzibati qərar və ya idarəetmə aktı ilə mülkiyyət hüququ ləğv edilə bilməz.
Xüsusilə nəzərə alınmalıdır ki, 1991-ci il sovet dövründən keçid mərhələsinə təsadüf etdiyindən, həmin dövrdə verilmiş mənzillərin hüquqi statusu verilmə qərarının məzmunundan, təyinatından və sonradan özəlləşdirilib-özəlləşdirilməməsindən asılı olaraq qiymətləndirilməlidir. Əgər ev sonradan özəlləşdirilibsə və ya mülkiyyət hüququ tanınıbsa, geri alınma faktiki olaraq qanunsuz hesab edilə bilər”.



