AZ

Azərbaycanda qış turizmi “ölüb” – Necə “dirildək?”

Azərbaycanda qış turizmi böyük potensiala malik olsa da, bu sahə hələ də arzu olunan səviyyədə inkişaf edə bilmir. Ölkənin dağlıq relyefi, qar örtüyü olan bölgələri və əlverişli iqlim şəraiti qış turizmi üçün ciddi imkanlar yaratsa da, mövcud problemlər bu potensialın reallaşmasına mane olur.

Qış mövsümündə əsasən Şahdağ və Tufandağ kimi bir neçə mərkəz aktivlik göstərir, lakin bu, ümumi turizm sektorunun inkişafı üçün yetərli deyil.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, əsas problemlərdən biri infrastrukturun qeyri-bərabər inkişafıdır.

Rəhman Quliyev

Onun sözlərinə görə, qış turizmi yalnız xizək mərkəzindən ibarət deyil:

“Dağ yollarının vəziyyəti, bölgələrdə otel və ictimai iaşə obyektlərinin sayı, tibbi və xilasetmə xidmətlərinin əlçatanlığı çox önəmlidir. Bir çox potensial qış turizmi bölgələrində bu imkanlar ya ümumiyyətlə yoxdur, ya da çox zəifdir”.

Ekspertin fikrincə, qiymət siyasəti də ciddi maneələr yaradır.

“Qış turizm mərkəzlərində otellərin, kanat xətlərinin və avadanlıq icarəsinin qiymətləri yerli turist üçün yüksəkdir.

Bu da daxili turizmin kütləviləşməsinə əngəl törədir. Eyni zamanda xarici turistlər üçün Azərbaycan qış turizmi region ölkələri ilə müqayisədə yetərincə rəqabətədavamlı görünmür.

Digər əsas problem peşəkar kadr çatışmazlığıdır.

Qış turizmi xüsusi bilik və bacarıq tələb edən sahədir. Xizək təlimçiləri, dağ-xilasetmə qrupları, qış turizmi üzrə ixtisaslaşmış bələdçilərin sayı məhduddur. Bu isə həm təhlükəsizlik riskləri yaradır, həm də xidmət keyfiyyətini aşağı salır”.

Rəhman Quliyev qeyd edib ki, tanıtım və marketinq də zəif aparılır:

“Azərbaycan qış turizmi beynəlxalq sərgilərdə və platformalarda lazımi səviyyədə təqdim olunmur.

Xarici turistlər ölkəmizi daha çox yay turizmi və mədəni marşrutlarla tanıyır. Qış turizmi üzrə vahid konsepsiya və uzunmüddətli strategiya yoxdur. Qış turizminin inkişafı üçün dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilməli, regionlarda yol və xidmət infrastrukturu yaxşılaşdırılmalı, qiymətlər optimallaşdırılmalı və peşəkar kadr hazırlığına xüsusi diqqət yetirilməlidir.

Bu addımlar atılmadığı müddətcə, Azərbaycanın qış turizmi potensial olaraq güclü imkanlara malik olsa da, real iqtisadi və turizm üstünlüyünə çevrilməkdə çətinlik çəkəcək”.

Seçilən
85
nocomment.az

1Mənbələr