AZ

Yeni hədəflər Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirəcək ŞƏRH

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində çox əhatəli və geniş mövzulara toxundu. Müsahibədə əsas diqqət 2025-ci ildə əldə olunan uğurlar və nəticələr, Cənubi Qafqaz regionunda mövcud vəziyyət, beynəlxalq müstəvidə baş verən proseslər, Ermənistanla sülh gündəliyi, Zəngəzur dəhlizi, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış və digər məsələlərlə bağlı oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O bildirib ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, dövlətimiz davamlı olaraq təhlükəsizlik tədbirləri görür, öz hərbi və iqtisadi gücünü artırır. Bütün bunlar müstəqil dövlətimizi beynəlxalq təhdidlərdən qorumaq üçün vacib amildir. Eyni zamanda, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Bu kontekstdə, ötən ilin ən mühüm hadisələrindən biri 8 avqust Vaşinqton görüşündə əldə olunan nəticələrdir. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamə, eləcə də “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin paraflanması və digər razılıqlar bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib. Vaşinqton sammitində, həmçinin Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsini nəzərdə tutan “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə razılıq əldə edilib. Həmçinin ATƏT-in Minsk Prosesinin və əlaqədar strukturların bağlanmasına nail olunub, bununla Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin beynəlxalq gündəlikdən çıxarılmasına dair mühüm mərhələ tamamlanıb.

“Prezident İlham Əliyevin müsahibədə dediyi kimi, 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Prezident vurğulayıb: “Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq”. Dövlətimizin başçısının dediyi kimi, cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.

Ötən il ABŞ-Azərbaycan münasibətlərində də yeni mərhələnin əsası qoyuldu. Prezident Donald Trampın Azərbaycanın lideri haqqında yüksək fikirləri, imzalanan sənədlər bunu deməyə əsas verir. Xüsusilə, D.Trampın avqustun 8-də “907-ci düzəliş”in icrasının dayandırılması haqqında sənəd imzalaması rəmzi məna daşıyır. Təbii ki, “907-ci düzəliş”in qüvvədə qalması bu gün iki ölkə arasında əlaqələrin ruhuna ziddir. Ümid edirik ki, bu sənəd tezliklə tam ləğv olunacaq. ABŞ Konqresinə bu barədə qanun layihəsinin təqdim olunması ümidlərimizi artırır”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton razılaşması Zəngəzur dəhlizinin də reallaşmasına əsas yaradır. Bu gün Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün üzərinə düşən vəzifələri yerinə yetirir. Dəhlizin Ermənistan ərazisindəki TRİPP yolu adlanan hissəsinin də icrasına başlanacağını gözləyirik. Nəzərə alaq ki, Zəngəzur dəhlizi yalnız iqtisadi layihə deyil. Bu dəhlizin açılması regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına da əhəmiyyətli təsir göstərəcək. Zəngəzur dəhlizi bu gün qlobal güc mərkəzlərinin diqqətində olan nəqliyyat-logistika xətlərinin əsas halqasına çevrilmək potensialına malikdir. Dünyada, o cümlədən yaxın regionlarda baş verən toqquşmalar enerji və ticarət yollarının təhlükəsizliyinin təmin olunması baxımından bu dəhlizin alternativinin olmadığını göstərir. Dəhlizin reallaşması regionda gərginliklərin azalmasına, dövlətlərarası münasibətlərin normallaşmasına və sülhə xidmət edən yeni əməkdaşlıq platformasının formalaşmasına imkan yaradacaq. Zəngəzur dəhlizinin açılması həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında quru bağlantının bərpası, həm də Türk dünyasının coğrafi inteqrasiyası baxımından mühüm addımdır. Bu dəhliz, eyni zamanda, Avropa ilə Asiyanı birləşdirən sabit marşrut rolunu oynayacaq. Prezident İlham Əliyev bu layihənin önəmindən bəhs edərkən vurğulayıb: “Bu layihə tam başa çatandan sonra onun yükötürmə qabiliyyəti 15 milyon tona bərabər olacaq... Yüklər Azərbaycanda cəmləşəcək və Azərbaycandan müxtəlif istiqamətlərə gedəcək. Ona görə də Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər”.

“Ümumiyyətlə, 2025-ci il ölkəmiz üçün mühüm uğurlarla yadda qalıb. Prezident İlham Əliyev ötən il Azərbaycanda sosial-iqtisadi nəticələri də müsbət qiymətləndirib, eləcə də prespektivlə bağlı mesajlar verib. Yeni hədəflər isə Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirəcək”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Seçilən
19
3
azertag.az

4Mənbələr